Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 10:00:00
 BŞTİ-nin yeni müdiri paytaxt məktəblərində görüşlər keçirir

“Məktəb seminarları”nın növbəti sessiyaları Qaradağ rayonunun ümumtəhsil məktəbləri üzrə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumtəhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, layihələrin icrası, davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlərə toxunub. “Məktəb seminarları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacib olduğunu bildirib.

İdarə müdiri, həmçinin “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin təşkili və digər müvafiq mövzularda çıxışlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.