Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 09:30:00
LDU-da seminar keçirilib

Lənkəran Dövlət Universitetində  (LDU)  Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə “Əhalinin  sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir” mövzusunda  seminar keçirilib.

AzEdu.az xəbər verir ki, seminarı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Universitet rəsmisi ölkəmizdə sosial sferada baş verən uğurlu yeniliklər, xüsusən də tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən söz açıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı, tələbə və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı Azərbaycan gəncliyinə göstərilən qayğının bariz nümunəsidir. Təqaüd alacaq tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatdırılması cox ciddi uğurdur və ölkə başçısının düzgün yeritdiyi sosial siyasətin nəticəsidir.

Universitetin iqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, iqtisadiyyat elmləri doktoru, professor Telman İmanov “Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir” mövzusunda məruzə edib. Məruzəçi ölkədə  sosial-iqtisadi inkişafın artan templə getdiyini rəqəmlər əsasında şərh edib, ölkə başçısının son ayda verdiyi fərman və sərəncamların əhalinin maddi rifah halına müsbət təsir edəcəyini , onların həyat səviyyələrinin yüksəlişinə xidmət etdiyini vurğulayıb, sosial müavinətlərin, təqaüdlərin, minimum əmək haqqlarının , tələbə təqaüdlərinin artırılmasını yüksək dəyərləndirib.

Məruzə ətrafında  çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin  məsul işçisi  Ramiz Hacıyev, Rayon Ağsaqqallar Şurasının Sədr müavini Sərhad Məmmədov, universitetin təbiyyat fakültəsinin  IV kurs tələbəsi Aytac Tacibzadə    ölkədə və rayonda gedən böyük quruculuq işlərindən, həyata keçirilən iqtisadi layihələrdən söz açaraq prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 Tədbirin sonunda ölkə başçısı İlham Əliyevə seminar iştirakçıları adından müraciət qəbul edilib.