Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 17:26:31
Müəllimlərin maaşı gələn il bu qədər ARTACAQ - PROQNOZ  

2019-cu ildən müəllimlərin maaşında, təxminən, 5-6% artım olacaq.


Bu barədə AzEdu.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın 2019-cu il üzrə büdcəsini şərh edərkən deyib.


N.Cəfərli bildirib ki, 2019-cu ilin büdcə parametrləri, qanunvericilik aktlarını nəzərdən keçirəndə belə qənaətə gəlmək olar. 

“Biz təhlil etsək, görərik ki, ölkə üzrə orta əməkhaqqının nominal artımı qədər indeksləşmə olacaq. Bu da, təxminən, 5-6 % artım deməkdir.

Yalnız müəllimlərin əməkhaqqında yox, büdcədən maliyyələşən bütün maaş, pensiya və təqaüdlərdə, təxminən, 5-6%  artım olacağı gözlənilir”-deyə N.Cəfərli bildirib. 

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. 

Lakin Milli Məclisdə 2019-cu ilin büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov 2019-2020-ci tədris ilin başlayaraq ölkə üzrə ali təhsil alanlarla nisbətdə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılacağını qeyd edib. 

Həmçinin digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulduğunu bildirib. 

Xatırladaq ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib.

Rəna Nəbi