Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 15:11:00
Bu gün bəstəkar Oqtay Kazımovun doğum günüdür - İlk rok operetta müəllifi….

Bu gün Xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi, bəstəkar Oqtay Kazımovun doğum günüdür.

Oqtay Kazımi və Təhsil yolu...

O, 1932-ci ildə Astara şəhərində anadan olub. Orta məktəbi Astarada bitirən O.Kazımi, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olaraq  Hacı Xanməmmədovun sinfində  təhsil alıb. Təhsil aldığı illərdə "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələyib.

Oqtay Kazımi daha sonra 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub. Konservatoriyada oxuduğu zaman isə Cövdət Hacıyevin sinfində təhsil alıb. O, 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə O.Kazımi "Eksperiment" estrada orkestrini yaradıb. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib.

Amansız xəstəlik…

Oqtay Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer tutub. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova,Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə və digər korifey müğənnilər ifa ediblər. O.Kazıminin son mahnısı isə “Çevik polis alayı” olub.

Oqtay Kaziminin oğlu İlqar Kazımov müsahibələrin birində qeyd edir ki, “atam Ağciyər xərçəngi idi. Bunu ondan gizlədirdik. Təxminən 20 gün xəstə yatdı. Son günlər tez-tez saatı soruşurdu, nədənsə…” Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş 77 yaşlı bəstəkar Oqtay Kazımi 2010-cu ildə vəfat edib.

O.Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi , Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına və Prezident təqaüdünə layiq görülüb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları