Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-26 18:25:11
“Cümhuriyyət - anılar və anlar” kitabı işıq üzü gördü 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihə çərçivəsində gənc yazar Elmin Nurinin “Cümhuriyyət - anılar və anlar” kitabı gün üzü görüb.

AzEdu.az xəbər verir ki, 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə - anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarət kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib.

Kitabın məsləhətçisi, millət vəkili dr.Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər agentliyinin baş direktoru  Elşad Eyvazlıdır.

Kitabın "Önsöz"ünü AGF-nin İcraçı direktoru Fərid Cəfərov yazıb

Gənc yazarın bu mövzudakı ilk kitabı olan “Cümhuriyyət – anılar və anlar”, 100 yaşlı Cümhuriyyət mövzusunda sistemli araşdırmalar aparmış ziyalıların əsərlərindən bəhrələnərək hazırlanıb. Publisistik mətnlərdən ibarət kitab həm də bu mövzuda yazılan dəyərli əsərləri, Cümhuriyyəti ən müxtəlif yönləri ilə araşdıran fədakar tədqiqatçıları gənc oxuculara bir daha təqdim etməyi hədəfləyib.

“Cümhuriyyət - anılar və anlar”ın ilk imza törəni 27 dekabr 2018-ci ildə (qeydiyyat başlayır: saat 14.30), Gəncə şəhər Gənclər Evində (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi -34) keçiriləcək.

Özəlliklə də, Gəncədə, ətraf bölgələrdə yaşayan gənc yazar və fəalların imza törəninə qatılması gözlənilir.

Onu da vurğulayaq ki, 2019-cu ilin yanvarında Bakı Konqres Mərkəzində kitabın geniş təqdimatı da daxil olmaqla layihənin və icraçı təşkilatın adına, mandatına uyğun konfrans keçiriləcək. Bu barədə ictimaiyyətə əlavə bilgi veriləcək.