Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 15:12:51
Azərbaycanın  ilk  “təhsil koç”u olmaq istəyən  gənc – “Əgər VI sinifdən bu sistemi tətbiq etsək...” – Vacib təklif  

Adətən, orta məktəb şagirdləri imtahan verəcəkləri fənn blokunu seçməklə kifayətlənirlər. Əksəriyyəti ənənəvi qaydada ölkə universitetlərinə imtahan verib, istənilən ixtisasa qəbul olunmağı düşünürlər. Çox az şagird öncədən qarşısına xaricdə təhsillə bağlı məqsəd qoyur. Çoxları bunun səbəbini maddi məsələlər və ailə faktorunda görsə də, bəziləri əsas amil kimi orta məktəblərdə maarifləndirici işlərin aparılmamasını qeyd edir.

“Qazaxıstanda artıq 1 ildir, mentorluq sistemi tətbiq olunur. Həmin sistemə əsasən, hər məktəb öz aktiv məzunlarından birini  və ya hansısa tələbəni işə götürür. Həmin şəxs şagirdlərə  ixtisas seçimi, müxtəlif sahələr üzrə təhsil alan tələbələrlə görüş, universitetlərə ekskursiyanı təşkil edir. Mentorluq sistemi ölkəmizdə tətbiq olunsa, bu problemləri bir qədər aradan qaldırmış olarıq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyev deyib. O, orta məktəblərdə şagirdlərin xaricdə təhsillə bağlı maarifləndirilməsi haqqında danışarkən bildirib ki, dövlət orta təhsil müəssisələrində şagirdləri yalnız Azərbaycanda təhsil almaq istiqamətində yetişdirirlər:

“Məktəblər buna icazə vermirlər”

“Xaricdə təhsil almaq, bu universitetlərə qəbul qaydaları barədə heç bir məlumat verilmir. Xarici universitetlər də Azərbaycan orta məktəblərində təqdimat keçirib, şagirdlərə məlumat verməkdə maraqlıdırlar. Abituriyentlərin xarici universitetlərə hazırlaşması ölkədəki ali təhsil müəssisələri ilə müqayisədə daha asan və sərfəli olsa da, bizim məktəblər buna icazə vermirlər.

Bunun səbəbi isə məktəb direktorlarının özlərini tanıtımla  bağlı qərar verməməsi və nazirlikdən yazılı sənədin alınmamasıdır. Təhsil Nazirliyindən rəsmi icazə sənədini almaq isə xarici universitetlər üçün çətin prosesdir. Məktəblərin öz tanıtımları üçün fərdi qərar vermələrini təmin etmək lazımdır”.

Ekspert bildirib ki, bu istiqamətdə maarifləndirici işlərə artıq VI sinifdən başlamaq lazımdır:

“VI sinifdən şagird və valideyninin ixtisas, universitetlə bağlı seçimini etməsi, məqsədini müəyyənləşdirməsi vacibdir. Çünki şagirdlər bu qərarı verdikdən sonra onların müəyyən biliklərə yiyələnməsi və xarici dil imtahanına hazırlaşmaları lazım olur. Eyni zamanda,  təqaüdlə təhsil şansı əldə edə bilmək üçün şagirdlərin məktəb dövründən sosial layihələrdə, xüsusilə də könüllülük proqramlarında iştirakı mütləqdir”.

“Bu tətbiq olunsa, problemləri bir qədər aradan qaldırmış olarıq”

Onun sözlərinə görə, xarici ölkələrdə şagirdləri bu istiqamətdə maarifləndirmək üçün mentorluq sistemi tətbiq olunur:

“Məsələn, Qazaxıstanda artıq 1 ildir,  bu sistem tətbiq olunur.  Həmin sistemə əsasən, hər məktəb öz aktiv məzunlarından birini və ya hansısa tələbəni işə götürür. Həmin şəxs şagirdlərə  ixtisas seçimi, müxtəlif sahələr üzrə təhsil alan tələbələrlə görüş, universitetlərə ekskursiyanı təşkil edir. Mentorluq sistemi ölkəmizdə tətbiq olunsa, bu problemləri bir qədər aradan qaldırmış olarıq.

Bundan əlavə, əksər ölkələrdə fərdi fəaliyyət göstərən təhsil məsləhət xidməti, “təhsil koçu” peşəsi mövcuddur. İndi çoxlarına maraqlı gələcək ki, “təhsil koçu” nə deməkdir?

Şagirdlərə valideyn əvəzinə yön verən “təhsil koçu”

Hazırda valideynlər işləmək məcburiyyətində olduqlarına görə, vaxt ayırıb övladlarının gələcək təhsilinə yön verə bilmirlər. Hətta çoxları bu prosesdən xəbərsizdirlər.

“Təhsil koçu” isə məktəb dövründən universitet bitənə qədər insanlara təhsil istiqaməti  verən, təhsil  məsələlərində kömək edən şəxsdir. Təhsil koçu şagirdə təhsil planı hazırlayır, hazırlaşmaqda ona kömək edir. Artıq şagird bilir ki, o hansı məktəbə getməli, hansı dərsləri oxumalı, hansı dilləri öyrənməli, hansı beynəlxalq imtahanda iştirak etməli, olimpiadalara qatılmalı, hansı sosial layihələrdə iştirak etməli, hansı ölkə haqda düşünməlidir, tələbə olduqda universitetin hansı xidmətlərindən istifadə edərək daha faydalı ola bilər və s.

Bir sözlə, “təhsil koçu” valideynin əvəzinə şagird və tələbəyə yön verən şəxsdir. Bu, yeni peşədir. Hazırda ölkəmizdə bu sahə üzrə təhsil alan şəxs yoxdur. Özüm bu ixtisas üzrə oxuyuram və Azərbaycanda ilk “təhsil koçu” olmağı düşünürəm”.

Sosial layihələrdə iştirak, xaricdə təhsil üçün lazım olan maddiyyat məsələsinə gəlincə isə Həsən Əliyev bildirib ki, əcnəbi ölkələrdə maddi imkanı olmayanlara dəstək üçün müəyyən xarici fondler fəaliyyət göstərir. Azərbaycanda da bu tip fondların fəaliyyət göstərməsi yaxşı olardı.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları