Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 16:50:47
“Dərsliklərimizin  bir çoxu MDB ölkələrində çap olunan kitabların plagiatıdır” – Orxan Fikrətoğlu -RUBRİKA  

AzEdu.az  “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiyanın təhsil məsələləri üzrə çalışan  5 əməkdaşı onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı  yazıçı, ssenarist, telejurnalist Orxan Fikrətoğludur.

Mayıl Ağaxanov: “Milli Məclisdə  müzakirə olunan  yeni təhsil haqqında qanun  layihəsi Azərbaycan təhsilinə  nə kimi  yeniliklər gətirəcək?”

-Azərbaycan təhsilinə yeniliklər  gətirmək üçün  qərarlardan öncə mütəxəssislərin yetişməsinə  şərait yaradılmalıdır. Alimlərin maaşı qalxmalı,   həqiqi elm adamlarına   dəyər verilməlidir. “Beyin  axını”  zamanı  Azərbaycandan gedən mütəxəssislər ölkəyə dəvət olunmalıdır.   Yalançı alimlər  isə  attestasiyadan yenidən keçməlidir. Müxtəlif yollarla alimlik dərəcəsi qazananları  da hamı  bilir.  Elmə xidmət edən adamlara dəyər verilsə, işlə təmin olunsalar   xeyli irəli düşə bilərik. Fikrimcə, bu sahədə  iş təkmilləşməlidir”.

Elmin Nuri: “Bir neçə ildir, AMEA-nın  Nizami adına Ədəbiyyat İnstitutunda Mətbuat tarixi və publisistika şöbəsi fəaliyyət göstərir.  Onun fəaliyyəti Azərbaycan  mətbuatında   nə dərəcədə   hiss olunur?  Bununla bağlı  nə kimi  təkliflər  verə  bilərsiniz?”

-Təklif edirəm ki, bir az öz təbliğatı ilə məşğul olsunlar. Yəni, Azərbaycan mətbuatında peşəkar jurnalistika  ilə məşğul olanlar bilsinlər ki, belə bir qurum var.   Azərbaycan mətbuatının dili ilə bağlı bir çox problemlər  var. Xüsusilə, son  dönəmlərdə  çap olunan lüğətlərlə tanış olub, dəhşətə gəldim.  Lüğətdə  “eynək” , “eynəvari”, “eynəkcüt” və s. kimi  belə qəribə sözlər var idi. Onu da qeyd edim ki, bu şöbənin adını ilk dəfə eşitdim”.

Nəzrin Rüstəmova: “Jurnalistikaya qabiliyyət imtahanının tətbiqi 200 bal toplayan abituriyentlərin də bu fakültəyə daxil olmasına şərait yaratdı. Yalnız jurnalistikanı istəyərək seçənlər yox, aşağı bal toplayanlar da "havada qalmamaq" üçün buranı seçdilər. Sizcə, qəbul ballarının aşağı olması yetişən yeni nəsil jurnalistlərdə özünü hansı mənfiliklərlə göstərəcək?”

-Bu yaxınlarda tədbirdə bu haqda çıxış etmişdim. Fikrimcə, sovetlər dönəminin   bəzi qaydalarını  müasir Azərbaycana tətbiq etmək lazımdır. Ümumiyyətlə, hər bir universitetə icazə vermək olmaz ki, jurnalist yetişdirsin. Jurnalistikaya təsadüfi adamlar da gəlir. Gələcəkdə   siyasətçi olmaq istəyənlər də  jurnalistikaya tanınmağa görə  gəlirlər. Təbii ki, bu kimi hallar aradan qaldırılmalıdır. Jurnalistika  dördüncü hakimiyyət  olduğunu  cəmiyyətə təsdiq edə bilərsə  çox xeyir verə bilər. 

Günel Yaşarqızı:“Dərsliklərdə tez-tez  səhvlərə rast gəlirik. Xüsusilə də ibtidai  sinfə aid  dərs kitablarında  ciddi nöqsanlar var. Sizcə, buna səbəb nədir:  nəzarətmi zəifdir yoxsa, mütəxəssismi çatışmır?”

- Dərslik kitablarını  yazacaq yüksək  ixtisaslı mütəxəssislərə, alimlərə  ehtiyac  duyulur.   Bu gün dərsliklərin bir çoxu keçmiş sovet  ölkələrində çap olunan kitabların plagiatıdır.  Dərsliklərimizi Azərbaycançılıq ideologiyası ilə uyğunlaşdırmaq,     keçmiş  böyük tariximizi oturtmaq lazımdır. Tarix kitablarımız  xüsusilə  işlənməlidir. Düzdür, Tarix  kitablarında  bu coğrafiyada  Manna, Midiya, Atropatena olduğu göstərilir. Ədəbiyyat tariximizi düzgün    gündəmə çıxara bilsək, tariximiz də  özü-özündən doğacaq.  

Lamiyə Süleymanlı: “Sizcə, media qurumları təhsil proseslərini işıqlandırarkən hansı boşluqları buraxır, hansı yanlışlara yol verirlər?”

-Təhsil sahəsi mətbuata çox açıqdır. Çünki, Cəsarət Valehov  işini düzgün qurub. Ümumiyyətlə,  Təhsil Nazirliyi  də   cəmiyyətə çox açıqdır . Hər ikisinin  açıqlamaları daim mətbuatın diqqət mərkəzindədir. Təhsil sistemi demokratik bir mühitdir. Təbii ki,  birlikdə  xeyli işlər görülməlidir. Bu sahədə boşluq olsa da, azdır.

Jurnalist bir xəbər əldə etdiyi zaman üç mənbədən dəqiqləşdirməlidir. Bir çox hallarda media qurumları xəbəri dəqiqləşdirmədən, təsnifata salmadan işıqlandırırlar  və ya gündəmə gətirirlər. Bəzi  mətbuat xidmətlərinin rəhbərləri öz  işlərini düzgün qurmur. Amma təhsil sistemi mediaya açıq olduğundan  bu sahədə boşluq, problem azdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları