Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 13:25:25
Adı aeroporta veriləcək azərbaycanlı – Həbsdən son anda qurtulan Fərman Salmanov Xruşşova belə  acıq verdi  

Ötən əsrin 60-cı illəri... Bir qrup alim-geoloq Sibirin qan donduran şaxtalarına baxmayaraq, israrla öz ekspedisiyalarını davam etdirirlər. Xüsusən də onların rəhbərlərində hiss olunan  inad və nikbinlik geoloqları ayaq üstə saxlayır. Baxmayaraq ki, onlar ailə və övladları ilə birlikdə Qərbi Sibirdə demək olar ki, çöl şəraitində yaşayırlar. Taxta evlərdə gecələyən bu ailələri sovet rəhbərliyi də çox sıxışdırır. Geoloqların rəhbəri olan şəxs isə bu təzyiqlərin qarşısında elə Sibir şaxtasının özü kimi soyuq  dayanır.

Rəhbərlik isə onu neft  tapmadığına, ölkənin sərvətini israf etdiyinə görə həbslərlə hədələyir. Amma baş geoloq yolundan dönmür. İnanır ki, indi onu hədələyən insanlar vaxt gələcək, bu alimi yəni, əslən Azərbaycanın Şəmkir rayonundan olan “Sibir neftinin atası” Fərman Salmanovu bir qəhrəman kimi qəbul edəcəklər.

Beləliklə, AzEdu.az  elm xadimləri silsiləsindən növbəti yazını Sibir Tümen ərazilərində  100-dən artıq neft-qaz yatağını kəşf etməklə Rusiya neft istehsalına ikinci nəfəs gətirən alim, geologiya elmləri doktoru Fərman Salmanova həsr edir.

Fərman Salmanov adı  bir neçə gündür ki, əsas müzakirə mövzularından birinə çevrilib. Rusiyanın Surqut  şəhərindəki hava limanına böyük ehtimalla onun adı verilə bilər. Tam dəqiqləşməsə də, rəsmi təsdiqini tapmasa da, proqnozların  özünü doğruldacağına inanırıq:

“Gənc, biz yeni yataqlar kəşf etməliyik”

1940-cı illər... SSRİ-nin neft sənayesi naziri Baybokov deputatlığa namizəd  kimi bir çox yerlərdə görüşlər keçirir. Rayonların birində məktəbdə görüş keçirərkən rus dilini yaxşı bildiyi üçün qabaqcadan hazırlanmış bir şagirdi onun qarşısına çıxarırlar. Şagird “protokol” çıxışını edəndən sonra qəfildən qayıdaraq nazirə müraciət edir: - Əziz Nikolay Konstantinoviç!  Bizim yollarımız çox pis vəziyyətdədir. Evdən təmiz çıxırıq, amma məktəbə gələndə artıq bütün üst-başımız palçıqlı olur. Bir də ki, mən böyüyəndə neftçi olacağam. Sizi əmin edirəm ki, mən məktəbi bitirəndən sonra neft institutuna daxil olacağam.” Bu zaman rəyasət heyətində oturan Baybokov 3 ay ərzində yolun düzəldilməsi üçün vaxt verir. Daha sonra həmin şagirdin yanına gələrək deyir:- “Gənc, sənin peşə seçimini bəyənirəm. Biz  Qərbi Sibirdə yeni yataqlar kəşf etməliyik.”

“O, avantüristdir, partiyadan getməlidir”

1955-ci il... Ali məktəbi geologiya ixtisası üzrə qurtaran bir gənc Sibirə neft axtaran ekspedisiyanın rəhbəri kimi yollanır. Az sonra Plotonski neft kəşfiyyat idarəsinin rəhbəri təyin edilən geoloq  ezam edildiyi yerdə neftin varlığına inanmır. Qazıntı apardıqları Kuzbas ərazisində neftin varlığına inanmayan geoloq o zaman üçün görünməmiş bir risk edir. Nə sənaye sahəsindəki rəhbərliyi, nə də Mərkəzi xəbərdar etmədən ekspedisiya qrupunu özbaşına Surqut ərazisinə aparır. Bu geoloq 10 il bundan əvvəl məktəbdə Baybokova şikayət edən və neftçi olacağını bildirən şagird – Salmanov Fərman idi. O Salmanov ki, bu 1950-ci illərdə avantürist, hesab olunsa da çox keçmədən bütün ittifaqın qəhrəmanına çevriləcəkdi.

Amma o vaxta hələ ki, qalırdı. Mərkəz Qərbi Sibirdə qazıntı məkanını dəyişən, bununla da subordinasiya prosesini pozan baş geoloqu cəzalandırmaq haqqında düşünürdü. Hətta onun partiyadan kənar edilməsi də gündəmdə idi. Amma rəqiblərin hədəsinə sinə görə-gərə, ailəsi ilə bərabər vağzallarda qala - qala 1961-ci ilə qədər səbir edə bildi.

 Rus neftinin ikinci baharı

1961-ci ilin Sibir qışından zorla xilas olan geoloqlar qrupu martın ikisində xoş bir hadisə ilə qarşılaşdılar. 1961-ci il martın 21-də Meqion kəndi yaxınlığında ilk quyu fontan vurdu. Salmanov həyəcan və sevincdən cəld çöllüyün düzündə yerləşən taxta evciyindən telefonla çox çətinliklə də olsa sənaye idarəsinin rəhbərliyi ilə əlaqə saxlayır: "Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı". Lakin Mərkəz yenə də öz qaragüruhluğunu davam etdirdi.  Neft fəvvarə vursa da, ona dedilər ki, sevinmək hələ tezdir və bu, sadəcə, təbii anomaliyadır, bir neçə həftədən sonra quyu sönəcək. Niyəsi? Qərbi Sibirdə böyük neft ola bilməz! Ona görə ki, ola bilməz!

“Yoldaş Xruşşov, mən nefti tapdım”

Geoloqlar qrupu Megyondakı bu uğurdan sonra Salmanova daha da bağlandılar. Onun ekspedisiya qrupuna o zaman cəmi bir traktor verilmişdi. Atla qarlı-buzlu yerlərdə tədqiqat aparan geoloqlar bu uğurdan sonra daha da ruhlandılar. Martın 20-də Ust-Balık rayonunda ikinci quyu fəvvarə vuranda Salmanov rəhbərliyə aşağıdakı məzmunda radioqram göndərdi: “Quyu bütün qaydalara uyğun olaraq əməlli-başlı fontan vurur”. Ən qəribə teleqramı isə Fərman Nikita Xruşşova göndərmişdi: “Mən nefti tapdım. Bax belə. Salmanov”.

Bundan sonra kəşflər bir-birinin ardınca düzüldü: Mamontov, Meqion, Pravdinski, Ust-Balık, Surqut, Fyodorov, Urenqoy, Yamburq və başqa iri yataqlar açıldı. Hər neft yatağı fontan vurduqca Salmanov haqqında fikirlər müsbət istiqamətdə tamamilə dəyişir, o, irəliləyir, rəqibləri isə məğlub olurdu. 1962-64-cü illərdə Salmanov Ust-Balık neft kəşfiyyatı ekspedisiyasının (NKE) baş geoloqu, 1964-cü ildən isə Pravdinski NKE-nin rəhbəri olur. 1970-ci ildə o, Baş Tümen Sənaye-Geoloji İdarəsinin rəisi Y. Ervyenin müavini, neft və qaz üzrə baş geoloq, 1978-ci ildə isə “Baştümengeologiya”nın rəhbəri təyin olunur.

O, Rusiya iqtisadiyyatına  necə təsir etdi?

1970-ci illərdə SSRİ enerji böhranı ilə üz-üzə idi. Artıq o illərdə xüsusi çəkiyə malik olan Salmanovla rəhbərlik hər bir variantda razılaşmalı olurdu. Qərb Sibir və Tümen vilayətlərinin neft ehtiyatları barəsində dediyi proqnozların düz çıxması mərkəzə böhranın qarşısını almaq üçün çox böyük kömək etdi. Bu həm də iqtisadiyyatın yenidən bərpası demək idi. Sonradan onun tapıntıları “Qazprom”, “Sibneft”, “Rosneft” kimi nəhəng şirkətlərə gəlir gətirir.

SSRİ-nin çöküşünə az qalmış Sibir neftinin atası Moskvaya dəvət edilir. Burada rəhbər vəzifələrə, hətta neft sənayesi nazirinin müavini postuna da yüksəlir. İttifaq dağılandan sonra geologiya sahəsinin dövlətin əlindən çıxıb özəl biznes layihələrinin tabeliyinə keçməsi görən Salmanov böyük təcrübəsindən istifadə edərək 1992-ci ildə  özünün “Rosplan” şirkətini yaradır və maksimal qazma səviyyəsi 3500-dən 5000 metrə qədər olan çətin yataqların işlənməsi ilə məşğul olmağa başlayır. Samotlor və Urenqoy kimi iri yataqlarda ehtiyatları daha dərin qatlarda axtarmağa çalışır. 2002-ci ildən F. Salmanov “İtera” MMC Direktorlar Şurası sədrinin  müşaviri, “Yuqnefteqaz” MMC Direktorlar Şurasının sədri vəzifələrində işləyir. Onun rəhbərliyi altında “Rosplan İnterneşnl”də Yeni Urenqoy və Şərqi Urenqoy yataqlarında dərin qatların öyrənilməsi başa çatdırır  və  ilk dəfə olaraq qaz, kondensat və neft hasilatı üçün işlənilir. F. Salmanov ömrünün son günlərinə qədər “İtera” şirkətində Kalmıkiya Respublikasında neft və qaz ehtiyatlarının axtarış və kəşfiyyatı ilə məşğul olur.

Fərman Salmanov 2007-ci il martın 31-də uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişmiş və Moskvada Vaqankov qəbiristanlığında dəfn edilir. 

Salmanov və Azərbaycan

Rusiya Elmlər Akademiyasının müxbir üzvi, neft hasilatı və qazma üsulları barədə ondan artıq monoqrafiyanın müəllifi olan Salmanovun ömrü Sibir, Tümen, Moskva ilə bağlı olsa da o Azərbaycan üçün  heç zaman yad olmayıb. İstər rəsmi dövlət dairələri, istərsə də Azərbaycan və Rusiya Elmlər Akademiyaları arasındakı münasibətlərdə Salmanov hər zaman Azərbaycan alimi kimi xatırlanıb. Mərhum öz vəsiyyətinə uyğun olaraq Vaqankov qəbiristanlığında dəfn edilib. Lakin əsas fakt budur ki, o bu gün də Azərbaycan elmi və neft sənayesi üçün “dəfn edilməyib.”