Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 09:30:00
“Müəllimlərin nüfuzu aşağı düşüb” - Təhsil ekspertlərindən TƏKLİFLƏR  

“100 il bundan öncə təhsil sistemində böyük qüsurlar  var idi  və  bu gündə o qüsurlar  davam edir. Arzu edirəm ki, Azərbaycan müəllimlərinin XV  qurultayında bu qüsurlar analiz olunsun. Daha sağlam təhsil mühiti yaradılsın”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Şahlar Əsgərov deyib. Onun sözlərinə  görə, təhsilin keyfiyyəti yüksəldilməlidir:

“Azərbaycan müəllimlər qurultayının keçirilməsinin  böyük  əhəmiyyəti var. Qurultay qarşıda olan perspektivləri müəyyən etməkdir. 1993-cü ildən bəri təhsili diqqətlə izləyirəm. Təhsil sahəsində uğurlarımız çoxdur. Özəl ali və orta məktəblərin yaradılması təhsil istiqamətində olan  uğurlarımızdandır .Amma təhsilin keyfiyyətində irəliləyiş görmürəm. Hətta  təhsilin keyfiyyətində geriləmə hiss olunur. Bu onu göstərir  ki,müəllimlərin qurultaylarında düzgün analiz edib, qüsurları çıxara bilmirik. Qüsurları isə qəbul etmək onun həllinin yarısıdır”.

Ekspert bildirib ki, universitetlərimiz tələbələrə öyrənməyə görə yox, oxumağa görə diplom verir:

“Azərbaycanda valideyn deyir ki, “övladım Bakı Dövlət Universitetinin Hüquq fakültəsini oxuyur”. Amma dünyanın heç bir ölkəsində belə söz deyilmir. Dünya ölkələrində deyilir ki, “övladım Bakı Dövlət Universitetində hüququ” öyrənir. Çünki “öyrənmək”  başqa şey, “oxumaq” başqa şeydir. Ona görə də  tələbələrə  öyrənməyə görə yox oxumağa görə diplom veririk. Bu da diplomu keyfiyyətdən salır. Hətta o qədər keyfiyyətdən salır ki,  qızılgülü Hollandiyadan, Aİ- 95 markalı benzini xaricdən alırıq. Bu qədər  institutlarımız olduğu halda,  torpaq sürüşəndə Yaponiyadan mütəxəssis çağırırıq. Niyə? !Çünki tələbələrimizi öyrətməmişik, onları oxutmuşuq.

Bütün dünyada  başlanğıc təhsilə çox böyük qiymət verirlər. Çünki, uşağın formalaşmağı  əsasən ibtidai sinifdən başlayır. Biz həmin ibtidai  məktəbi gözdən salmaq üçün ona “ibtidai” adı qoymuşuq”.

Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədovun sözlərinə görə ölkədə müəllimliklə bağlı müəyyən problemlər var:

“112 il bundan öncə 1906-cı ildə Bakıda Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi Rus-Azərbaycan məktəbində Azərbaycan müəllimlərinin I qurultayı keçirilib. XX əsrin əvvəllərində maarifçilik ideyaları ətrafında birləşən böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.

Bu tipli qurultaylar müəllimlər arası münasibətlərin və əlaqələrin genişlənməsinə təkan verir, müəllimlərin öz bilik və bacarıqlarını, təcrübələrini bölüşməsi üçün geniş imkanlar açır.

Buna  baxmayaraq hazırda ölkədə müəllimliklə bağlı müəyyən problemlər var. İlk növbədə qeyd edim ki,  insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Dünyanın fatehi Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında deyib:

“Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Bu kimi kifayət qədər dahilərin sözləri var”.

Ekspert açıqlamasında bildirib ki, son illərdə müəllimlərin nüfuzu müəyyən qədər aşağı düşüb:

“Çox zaman  şikayət edirlər ki, əvvəl təhsil yüksək səviyyədə, müəllim – şagird münasibəti indiki dövrdən qat-qat yaxşı, müəllimlərin bilik səviyyəsi çox yüksək idi. Bəs nə oldu ki, indi vəziyyət dəyişdi və müəllim tədricən öz nüfuzunu itirməyə başladı? Etiraf edək ki, bazar iqtisadiyyatının fəaliyyəti dövründə aşağı səviyyəli əmək haqqı alan müəllim öz maddi vəziyyətini düzəltmək üçün əyri yola  əl atdı. Təhsilin bəlası o vaxtdan başladı. Şagirddən hədiyyə, pay, aylıq və s. kimi şeylər alan müəllim şagirdin gözünə dik baxa bilmir, mənəvi cəhətdən özünü saf hesab etmir. İş o yerə çatdı ki, cəmiyyətdə bu geniş yayılmağa başladı və gündəlik məişət hadisəsinə çevrildi. Hətta, ictimaiyyətdə rəy sorğusu aparılan zamanı korrupsiyanın səviyyəsinə görə müəllim yol polisi işçilərindən sonra ikinci yeri tutdu.

Amma etiraf edək ki, son illərdə müəllimlərin nüfuzu müəyyən qədər aşağı düşüb. Baxmayaraq ki, dövlət tərəfindən müəllimin nüfuzunun qaldırılması üçün mütəmadi addımlar atılır.

Məktəb son dərəcədə həssas təsisatdır. Burada çalışanlar maddi, mənəvi, psixoliji baxımdan tam təmin olunmalıdırlar ki, verdikləri təhsil keyfiyətli olsun. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Amma təəsüf ki, bu vəzifəni yerinə yetirən, məsuliyyətini isə dərk etməyən müəllimlər də az deyil. Əlbəttə ki, onların bütün ehtiyaclarının təmin olunması onda formalaşmış problemi həll etməyəcək”.

Kamran Əsədovun sözlərinə görə, bu gün müəllimlərin ən birinci problemi əmək haqqı ilə bağlıdır:

“Müəllimlərə dövlət qulluqçusu statusu vermək, onları bütün kommunal və nəqliyyat xərclərindən azad etməklə  onların maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım atmış olarıq. Eyni zamanda müəllimlərin hamısını tibbi sığortaya mütləq şəkildə cəlb etmək lazımdır.

Hazırda gənclərin müəllimlərin sayında payı azır. Əgər dövlət  tərəfindən gənc müəllimlərin mənzil problemi həll olarsa , onların müəllimlik peşəsinə cəlb olması genişlənər.

Düşünürəm ki, ən başda müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əmək haqqı vermək lazımdır.

Müəllimlərin problemlərindən biri müəllimlərin peşə səviyyəsinin aşağı olmasıdır. Təssüf ki, peşəkar müəllim ordusunun sayı azdır.

Müəllimlərin digər bir problem müəllimlərin təhsildə yeniliyə, fəal təlim metodlarına münasibətidir. Mənə elə gəlir ki, indi də, gələcəkdə də ən böyük problem bu sahədə olacaq. Təəsüf ki, müəllimlərimiz yeniliyə maraqlı deyil və tətbiq etməkdə fəal deyillər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları