Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 16:10:00
“İndi də müəllimlərimi görəndə özümü itirirəm” – Novruz  Novruzlunun  məktəb acıları - Fotolar  

Tanınmış müğənni və aktyor Novruz Novruzlu ötən gecə vəfat edib.

Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. 
 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub.


İnstitutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.
Novruz Novruzlu Akademik Opera və Balet Teatrında işləyirdi. N.Novruzlu “Savalan” qrupunu yaradı və onun bədii rəhbəri idi.

AzEdu.az Novruz Novruzlunun uşaqlıq, gənclik, bir sözlə məktəb və universitet dövrləri ilə bağlı xatirələrini təqdim edir.

Qeyd edək ki, mərhum özünün uşaqlıq-gənclik illəri ilə bağlı xatirələrini vaxtilə bu sətirlərin müəllifinə nəql edib:

1960-cı ildə Ordubadın “Təbriz” məhəlləsində anadan olmuşam. Oradakı Məmməd Tağı Sidqi adına 1 nömrəli məktəbdə oxumuşam. Bütün uşaqlıq xatirələrim oralar - o məhəllə, oranı əhatə edən dağlar, elə o məktəblə də bağlıdır. İndinin indisində də müəllimlərimi görəndə özümü itirirəm. Çünki müəllimə hər zaman müqəddəs varlıq kimi baxmışıq. Onları görəndə yaddaşın o qatına varıram... Hansı qatına ki, o zaman  müəllimə əlçatmaz varlıq kimi baxardıq....

 

Haradansa oxumuşdum: “insan anadan olduğu, uşaqlığının keçdiyi yerə heç olmasa ildə bir-iki dəfə getməlidir”. Çünki insanın saflıq, təmizlik illəri ora ilə bağlıdır. Ümumiyyətlə, Allah bizi müəyyən bir məkanda yaradıbsa, demək, burada da hər hansı bir əlaqə, bağ var. Bu, təsadüfən ola bilməz. Mən də oralara  gedirəm. Hər dəfə uşaqlığımın keçdiyi yerləri, dağları görəndə çox kövrəlirəm.

“Ölümlü-itimli dünya”

Universiteti qurtardığım illər idi. Çox yaxşı tələbə olmuşdum deyə, bütün qapılar üzümə açıq idi. Rəşid Behbudov da, Gülarə Əliyeva da mənə iş təklif etmişdi. O ərəfədə -1984-cü ildə hərbi xidmətə yollandım. 1986-cı ildə qayıtdım. Böyük qardaşım ondan sonra dünyasını dəyişdi. Bu mən və bütün ailəmiz üçün çox sarsıdıcı zərbə oldu. Onun təsirindən çıxa bilmədik. Mən də uzun müddət oxumadım. Qardaşımdan sonra oxumaq istəmədim.... Amma Allahın təqdiri idi, nə etmək olardı ki... Anam qardaşımdan sonra çölə çıxanda həmişə başı aşağı gəzərdi, utanardı. Deyərdi, camaat deyər, bu necə anadır ki, o cür oğuldan sonra yaşayır. Elə o fikirlərlə də dünyadan köçdü anam.

Tənha dağdağan ağacı 

-Bəlkə dağının ətəyində tək-tənha bir dağdağan ağacı vardı. O ağac da mənim üçün müqəddəs idi. Ona sığınar, “həyat nədir”, “insan bu dünyaya niyə gəlir” və s. bu kimi suallara cavablar gəzərdim.

 

Çox mistik gücü var idi o dağdağan ağacının. Bəlkə dağı  o ağacla, bayaq dediyim mağarası ilə gözəl idi. Onların hər ikisi mənim üçün özümü arama simvolları idi. Mən orada düşünərdim, daşınardım. Uşaqlıq illərimdə maddi korluq çəkməmişəm, elə tələbəlik dövründə də... Məktəbdə oxuyanda, qardaş-bacım bizə yaxşı kömək edirdi, tələbə olanda isə özüm işləyib pul qazanırdım. Hər iki halda mən düşüncənin, özü-özümü formalaşmanın korluğunu çəkmişəm bəlkə də... 

Hə bir də o dağın lalələri var idi... Sehrli, gözəl, al lalələr. Elə bu vaxtlar həmin lalələrin qızaran vaxtıdı. Allah hamıya rəhmət eləsin, o dağdan çox adam yıxılaraq dünyasını dəyişib.  Kəklikotu, çaşır, yarpız qoxusu oralardan əskilməzdi...