Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 15:47:00
Abituriyentlər ixtisas seçimində diqqətli olmalıdır

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-2025-ci tədris ili üzrə universitetlərə qəbul imtahanları artıq yekunlaşdı. Yaxın günlərdə Dövlət İmtahan Mərkəzi abituriyent 4 jurnalını çıxarmağı planlaşdırır. Abituriyent 4 jurnalında universitetlər üzrə ixtisasların  plan yerləri, təhsil haqqı, əyani və qiyabi təhsil forması, dövlət sifarişli və ödənişli yerlər barədə məlumatlar öz əksini tapacaq. Həmçinin ümumi imtahan iştirakçılarının statistikası, bal aralıqları elan olunacaq. Artıq abituriyentlər topladıqları bala uyğun olaraq  qruplar üzrə ixtisas seçimini həyata keçirəcəklər. Abituriyentlərin ixtisas seçimi avqust ayının ortalarında aparılacaq hardasa 10-12 gün davam edəcək, ardınca qəbul olan abituriyentlərin nəticələri elan ediləcək. Ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün təkrar şans veriləcək.

 

Əvvəlki illərin müşahidələri onu göstərir ki, zəif bal toplayan və DiM tərəfindən tətbiq edilən limiti keçməyən bəzi abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi edərkən bəzi nüanslara diqqət yetirmirlər. Elə ki, ixtisas qrupuna uyğun 190 bal toplayan abituriyent 200 bal limitini keçmədiyi və imtahanın ikinci mərhələsi üzrə 100 bal toplamadığı üçün ancaq məhdud ixtisaslara müraciət edə bilər. Abituriyent istəmədiyi və oxumağa qərarsız olduğu halda hər hansı bir region universitetini yazaraq və yaxud da, hər hansı bir mütəxəssisə yazdıraraq universitetə arzulamadığı ixtisas üzrə qəbul olur. Sonradan abituriyent universitetdən qeydiyyatdan keçməkdən imtina edir və düşünür ki, kolleclərə müraciət edib qəbul olaram. Amma bilmir ki, abituriyent Ali təhsil müəssisələrinə qəbul olduqdan sonra bu ixtisasdan imtina etsə də, orta ixtisas müəssisələrinə (kolleclərə) müraciət edə bilmir.

 

Bu vəziyyətdə olan abituriyentlərə məsləhət görərdim ki, arzulamadığı və qəbul olduqdan sonra imtina edəcəyi ixtisasları qətiyyən seçim etməsinlər.

 

Məsələn qəbul şərtlərinə əsasən 1-ci qrup abituriyent ixtisas qrupu üzrə bütün ixtisaslara müraciət etmək üçün ümumi balı 200 dən az olmamaqla yanaşı, imtahanın ikinci mərhələsi (blok imtahanı) üzrə ən azı 100 bal toplamalıdır. Blok imtahanında 50-100 bal arası nəticə göstərən 1-ci qrup abituriyent yalnız Meliorasiya mühəndisliyi, Tenologiya müəllimliyi, Ekologiya mühəndisliyi, Aqronomluq, Balıqçılıq, Meşəçilik, Şərabçılıq, Torpaqşünaslıq və aqrokimya, Yer quruluşu və daşınmaz əmlakın kadastrı, Zoomühəndislik kimi ixtisasları seçim etmək hüququna malikdir. Əgər abituriyent bu ixtisaslardan birinə qəbul olub, sonra da bəyənməyərək imtina edəcəksə, kollec seçimi yolu da bağlanmış olacaqdır. Həmçinin həmin ixtisas üzrə universitetdəki yer boş qalacaqdır. Bu vəziyyət digər abituriyentlərin şansının azalmasına da təsir göstərəcəkdir. Buna görə də, abituriyentlər seçim edəcəyi ixtisasları dəqiqləşdirməli, həmin ixtisasların gələcək karyerasına və əmək bazarına uyğunluğunu analiz etməlidir.

 

DiM tərəfindən tətbiq edilən blok imtahanı limitini keçməyən abituriyentin buraxılış imtahanı nəticəsi yüksəkdirsə, həmin abituriyent orta ixtisas müəssisələrinə müraciət edərək qəbul şansı əldə edə bilər. Müvafiq ixtisaslar üzrə 2 il kollecdə oxuduqdan sonra subbakalavr kimi universitetlərə də imtahansız qəbul olma şansı mümkündür. Abituriyentin buraxılış balı 150 dən çoxdursa, kolleclərdə tibb bacısı, mamalıq kimi ixtisaslara qəbul şansı da vardır . Bununla yanaşı kompüter ixtisasları, pedoqoji, iqtisadiyyat sahəsi üzrə, turizm və digər ixtisaslar üzrə kolleclərə müraciət etmək də mümkündür.

 

Buna görə də, abituriyentlər ali təhsil müəssisələrinə ixtisas seçimi etdikdə sonradan peşman olmayacaqları ixtisasları seçməlidirlər. Xüsusilə də bu hal regionlarda kənd təsərrüfatı ixtisaslarını seçim edən qız abituriyentlərində daha çox müşahidə olunur.

 

Universitetlərdə boş yerlərin qalmaması, digər abituriyentlərin şansının azalmaması, kollec seçiminin məhdudlaşmaması üçün abituriyentlər diqqətli seçim etməlidir. Abituriyentlər ixtisas seçimindən əvvəl yazacağı ixtisasları analiz etməlidir. Əgər istəmədiyi ixtisası yazacaqsa və qəbul olacaqsa, imtina etsə də kolleclərə qəbul şansını itirəcəkdir.

 

Unutmayın, sizin imtina edəcəyiniz hər hansı bir ixtisas başqa abituriyentin həyatının dəyişməsinə təsir göstərə bilər!

 

Ramin Nurəliyev,

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis,

təhsil üzrə ekspert