Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-17 09:09:13
“Tarixdə bu gün” - 17 iyul...      

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

17 iyul  tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

17 İyul Ümumdünya Ədalət Günüdür:

 

1998-ci ildə BMT-nin növbəti konfransında Beynəlxalq Cinayət Məhkəməsinin təsis edilməsi haqqında konvensiya imzalanıb. Bu sənədin qüvvəyə mindiyi tarix 17 iyul Ümumdünya Ədalət Günü kimi təqvimə daxil edilib.

 

Ədalət həm ölkədaxili, həm də dövlətlərarası münasibətlərdə dinc şəraitin və rifahın təmin olunmasının əsas prinsiplərindən biridir.

 

17 iyul Ümumdünya Emoji Günü (World Emoji Day) kimi qeyd edilir:

 

Bu gün, müasir cəmiyyətdə son dərəcə populyar olan simvollara, elektron kommunikasiya sistemində istifadə etdiyimiz işarələrə (piktoqram, ideoqram və gülüş işarələrinə) həsr edilib. Bayram qeyri rəsmi olsa da, hər il populyarlığı artır.

 

 

17 iyul Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür:

 

1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. T.Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

 

17 iyul Azərbaycanın görkəmli tarixçi-alimi Sara Aşurbəylinin хatirə günüdür:

 

19 yaşında (1925) İstanbulda Janna Dark adına Fransız kollecini, 24 yaşında (1930) Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsi, 35 yaşında (1941) Azərbaycan Pedoqoji İnstitutunun xarici dillər fakültəsini bitirən S.Aşurbəyli bir müddət respublikanın ali məktəblərində fransız və ingilis dillərindən dərs deyib (1937-1958).

Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində və Tarix İnstitutlarında da çalışmış Sara Aşurbəyli əsasən orta əsr Azərbaycan şəhərlərinin tarixini tədqiq edib, “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi” əsərlərini yazıb. O, həm də rəssam kimi fəaliyyət göstərib və Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

 

Sara Aşurbəyli 2001-ci ilin bu günü 95 yaşında dünyasını dəyişib. (1906-2001)