Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-04 17:45:22
“Yüksəliş”də iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb.  

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu iyulun 3-dən ekspert heyətinin iştirakı ilə təlimlərə start verib.

 

AzEdu.az xəbər verir ki,Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev ekspert heyətinin qatıldığı təlimdə iştirak edib. O, yarımfinal və final mərhələləri zamanı qiymətləndirmə prosesində iştirak edəcək ekspertlərə uğurlar arzulayıb, görəcəkləri məsuliyyətli işdən bəhs edib və hər birinin növbəti qalibləri seçməkdə həlledici rol oynayacaqlarını vurğulayıb.  

 

Yarımfinal və final mərhələlərinə hazırlıq məqsədilə təşkil olunan təlimlər 92 ekspertin iştirakı ilə baş tutacaq və üç gün davam edəcək.  

 

Təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunur. İştirakçılar oxşar imtahan vəziyyətlərini simulyasiya edəcək və onların səriştələri ekspertlər tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiqi və ekspertlərin rolu ilə bağlı ətraflı məlumat veriləcək. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar, Azərbaycanın qabaqcıl dövlət müəssisələrinin və özəl şirkətlərinin insan resursları üzrə mütəxəssisləridir.   

 

Yarımfinal və finalda ekspertlər tərəfindən qiymətləndirilən 8 səriştə isə bunlardır: strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət və liderlik.  

 

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi 5-7 iyul tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 328 nəfər yarımfinalda iştirak edəcək. 

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. 

 

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.