Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-25 16:20:54
“Fədakar müəllim”: “...həmin yolu getdiyimizə inana bilmirdilər”

İllərlə çətin, keçilməz yollardan keçib, evindən uzaqlarda öz peşəsini sevərək davam etdirən insanlar var. Bu insanların bir qismi də müəllim kimi fəaliyyət göstərirlər.

 

AzEdu.az Təhsil Portalı dəfələrlə uzaq məsafələrdə, çətin relyefli ərazilərdə fəaliyyət göstərən müəllimlərlə “Fədakar müəllim” rubrikası altında silsilə müsahibələr alıb.

 

Budəfəki müsahibimiz həftənin 5 günü Göygöldən Daşkəsənin ucqar kəndinə 86 km məsafə qət edərək gedən Zamin müəllimdir. Zamin müəllim dəfələrlə beynəlxalq tədbirlərdə, o cümlədən, Polşa, Qazaxıstan, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistan, Latviya, Böyük Britaniya kimi ölkələrdə Azərbaycanı təmsil edib.

 

Qeyd edək ki, “Fədakar müəllim” həm də, hazırda Bakı Avrasiya Universitetinin regionşünaslıq ixtisası üzrə II kurs tələbəsidir.

 

Daha ətraflı müəllimin özündən eşidək...

 

-Zamin müəllim, özünüz barədə  ətraflı məlumat verə bilərsinizmi?

 

-Mən, Məmmədov Zamin Şakir oğlu, 1987-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşam. Orta təhsilimi Göygöl şəhər Üçtəpə kənd Ərşad Məmmədov adına orta məktəbdə aldım. 2008-ci ildə Ağdaş Dövlət Humanitar Kollecinin ingilis dili ixtisasına qəbul olundum. Kollecdən məzun olduqdan sonra 2011-ci ildə Müəllimlərin işə qəbulu imtahanından uğur qazanaraq Daşkəsən rayonu Alaxançallı kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başladım. 1 ildən sonra Hacıkənddə yerləşən Xocalı rayonu Əli Kərim adına Başkənd tam orta məktəbində fəaliyyət göstərdim. 2015-ci ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ilə Göygöl rayon Danayer kənd ümumi orta məktəbinə gəldim. 2 ildən sonra təkrar yerdəyişmə ilə hazırda işlədiyim Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində ingilis dili müəllimliyinə qəbul olundum.

 

- Qeyd etdiniz ki, fəaliyyət göstərdiyiniz məktəb Daşkəsənin Zəylik kəndində yerləşir. Siz Daşkəsəndə yaşayırsınız, yoxsa Göygölə gedib-gəlirsiniz?

 

-Həftəninn 5 günü Göygöl rayonu Üçtəpə kəndindən Daşkəsənin Zəylik kəndinə gedib-gəlirəm.

 

-Hər gün gedib-gəldiyinizi vurğuladınız. Yəqin ki, artıq öyrəşmisiniz. Ancaq maraqlıdır, uzaq məsafənin sizin üçün çətin tərəfləri varmı?

 

-Bir gündə 86 km məsafə gedib-gəlmək çətindir. Həmçinin, yolun yarıdan çox hissəsi bərbat vəziyyətdədir. Normal maşınla o yolu keçmək mümkünsüzdür, amma yenə də  işimizin başındayıq. Artıq həmin məktəbdə 8-ci tədris ilimə keçirəm, amma burada işlədiyim üçün peşman deyiləm, çünki məktəbin bərpası üçün təşəbbüsü də mən göstərmişəm. Məktəbimiz 0-dan əsaslı təmir olunub. İstilik sistemi və digər bütün təchizatla təmin olunub.

 

 

-2017-ci ildən bəri Daşkəsəndə işləyirsiniz. Söylədiniz ki, yollar həm uzaq, həm də çətin relyeflidir. Bəs, indiyə qədər hansısa ekstremal hadisələrlə üzləşdiyiniz olub?

 

-Bəli, çox olub. Hətta elə günlər olub ki, maşınla yolu keçə bilmədiyimiz üçün yolun yarısında düşüb, piyada getmişik. Zəylik kəndi dəniz səviyyəsindən 1500 metr yüksək olduğu üçün qış çox sərt keçir. Hətta xatırlayıram ki, bu il yanvar-fevral aylarında 45-50 sm hündürlüyündə qar yağmışdı. Ucqar kənd olduğu üçün hər dəqiqə yolları  təmizləmək imkanı mümkün deyil.  İş o yerə çatdı ki, biz maşını yarı yolda saxlayıb, piyada getdik. Həmin vaxt kənddəkilər yolu piyada gəlməyimizə inana bilmirdilər. Amma yol probleminə baxmayaraq, ucqar kənddə işləməyin üstünlüklərinin çox olduğunu deyə bilərəm. Çünki burada uşaqlar öyrənməyə çox meyillidirlər. Şəhərdən və digər ərazilərdən gələn müəllimlər onlara maraqlı gəlir. Çünki interaktiv yanaşmalar, oyunlar, yeniliklər gözləyirlər. Buna görə də kənardan gəlib, dağda işləməyin ayrı bir marağı var.

 

-Heç Daşkəsəndə daimi yaşamağı düşünmüsünüz?

 

-Daşkəsən gözəl təbiəti, eləcə də mehriban sakinləri olan yerdir. Ona görə də gələcəkdə orada yaşamağı düşünürəm.

 

- Zamin müəllim, ilk dərs gününüz xatirinizdə necə qalıb? Kənd sakinlərinin sizə münasibəti necədir?

 Açıklama yok.

-Deyərdim ki, dağ yerlərində, xüsusən də Daşkəsəndə insanlar kənardan gələn qonaqlara, əsasən də, müəllimlərə qarşı hədsiz dərəcədə mehribandırlar. İlk dəfə kəndə gedəndə məni çox səmimi qarşıladılar. Məktəbdə yenliklər etdiyim, gənc kadr olduğum üçün mənim görə yaxşı şəraiti yaratdılar. Müəllimlər və valideynlər çox mehriban, şagirdlər isə çox hörmətcil və dərslərinə məsuliyyətlidirlər.

 

-İngilis dili müəllimi kimi fəaliyyət göstərirsiniz. Fənninizi mənimsətmək üçün hansı üsullardan istifadə edirsiniz? Ümumiyyətlə kənddə uşaqların xarici dilə maraqları necədir?

 Açıklama yok.

-İngilis dili dərsini ayrıca proyektor, səsucaldıcı və digər oyun ləvazimatları olan kabinetdə tədris edirəm. Uşaqlar məktəbə əylənməyə gəlirlər. Dərslər nə qədər əyləncəli olsa, onlar üçün o qədər maraqlı olar. Dərsləri daha çox interaktiv üsullarla keçirəm. Onların öyrənmək üçün özlərinin hansısa təşəbbüs göstərməsinə zəmin yaradıram. Uşaqlara oturaraq yox, daim hərəkətli üsullarla dili öyrədirəm. Topların, kağızların üzərinə ingiliscə yazılar yazıb, mənalarını, aid olduqları qrupları soruşuram. Lövhədə yarışmalar keçirirəm.

 

-Müəllim, üsullarınız çox maraqlıdır. Bəs, şagirdlərin dərsə davamiyyəti necədir?

 

-Məktəbimiz əsaslı təmir olunub, dərslərimiz interaktiv keçirildiyi üçün davamiyyət yüksək səviyyədədir.

 

-Şagirdlər arasında müəllim olmaq istəyənlər varmı?

 

-Təbii ki, var. Onlar arasında müəllim olmaq istəyənlər çoxdur.

 

-Uzaq yol məsələsinə görə nə vaxtsa müəllimlikdən imtina etməyi düşünmüsünüz?

 

-Müəllimin əsas şüarı heç vaxt imtina etməmək, doğru bildiyi yoldan dönməməkdir. Mənim imtina etmək kimi fikrim yoxdur. Bundan əlavə, qeyd edim ki, mən Azərbaycan Avtomobil Yollarının sədri Saleh Məmmədovla kəndin yolu barədə görüşmüşəm. Yol 3-4 dəfə təmir olunub. İnanıram ki, yeni tədris ilində artıq yollar əsaslı təmir olunacaq.

 

-Son olaraq, şagirdlərə tövsiyələrinizi eşitmək istəyərdik.

 

-Mənim şagirdlərə hər zaman tövsiyəm o olub ki, əvvəlcə nizam-intizam qaydalarına riayət etsinlər. Asudə vaxtlarını səmərəli keçirməyi bilsinlər, hobbiləri olsun, kitab oxusunlar, idman etsinlər. Gələcəyə investisiya yatırmağın ən gözəl yolu elm öyrənmək, sağlamlığın qeydinə qalmaq, zərərli vərdişlərdən uzaq olmaqdır. Məktəbdəki təhsil prosesini daha maraqlı etmək üçün şagirdin aktiv iştirakçılığını təmin etmək lazımdır. Məktəblərdə nə qədər savadlı, dünyagörüşlü müəllimlər olsa da, şagirdlərin nizam-intizam qaydalarına riayət etmələri, dərsləri oxumaqları, maraq göstərməkləri də bir o qədər vacibdir. Məktəb bizim evimizdir. Günümüzün yarısı orada keçir. Şagirdlər evlərini necə qoruyurlarsa, məktəbi də göz bəbəkləri kimi qorumalıdırlar. Müəllimləri sevməli, yoldaşlarının hüquqlarına hörmət etməlidirlər.