Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 15:26:26
“Fədakar müəllim” – Bizim məktəbin şagirdləri repetitor yanına getmirlər - MÜSAHİBƏ

Uzaq məsafələr qət edib, ucqar dağlıq ərazilərdə şagirdlərə təhsil vermək, öz peşə borclarını yerinə yetirmək üçün gedən müəllimlər var. Hansı ki, onlar ailələrindən, eləcə də yaşadığı mühitdən uzaqlaşırlar.

 

AzEdu.az-ın “Fədakar müəllim” rubrikasında bu dəfə Qobustandan Lerikin Kəlvəz kənd orta məktəbinə coğrafiya fənnini tədris etməyə gedən Sevda Səfəraliyevadır.

 

Müsahibəni təqdim edirik...

 

- Sevda müəllim, özünüz barədə oxucularımıza məlumat verməyinizi istəyərdik

 Açıklama yok.

- Mən, Səfəraliyeva Sevda Fərhad qızı. 26 yanvar 1999-cu ildə Qobustan rayon Sündü kəndində anadan olmuşam. 2016-cı ildə 274 saylı tam orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi ixtisasına daxil oldum. Universitetdən məzun olduqdan sonra magistraturaya qəbul imtahanı verərək  təhsilimi BDU-nun geomorfologiya ixtisasında davam etdirdim. 2022-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Lerikin Kəlvəz kənd orta məktəbində müddətli müqavilə ilə işə qəbul olundum. 1 ildən sonra yenidən imtahan verərək həmin məktəbdə daimi əsaslarla fəaliyyətimi davam etdirdim.

 

- Qobustandan Lerikin ucqar dağ kəndinə işləməyə gəlmisiniz. İlk dəfə gələrkən hansı çətinliklərlə üzləşdiniz?

 

- Artıq 2 ildir ki, Lerikdə işləyirəm. İlk gəldiyim zamanlarda bir qədər çətinliklərlə qarşılaşdım. Əsasən bu adaptasiya ilə bağlı idi. Mühitə, eləcə də məktəbə uyğunlaşmaq bir qədər zamanımı aldı. Kəndin rayon mərkəzindən 40 km uzaqda olması istədiyimiz vaxt Lerikə gedib-gəlməyə maneə olur. Bundan əlavə burada sosiallaşmaq bir qədər çətindir. Çünki kənd sakinləri çox azdır, burada ümumi 15 ev belə tapmaq mümkün deyil. Müəllimlərlə yaxud şagirdlərlə müəyyən vaxt keçirmək üçün hər hansısa şəraitin olmaması da çətinlik yaradan səbəblərdəndir. Ancaq bütün bunlara baxmayaraq artıq özümü bu kəndin sakini kimi hiss edirəm. Kəlvəz kəndindəki insanlar çox mehribandırlar. Gələn müəllimlərə qarşı xoş münasibət mövcuddur. Müəllimlərə mənəvi kömək olurlar. Mənim burada tanıdığım çox yaxşı ailələr var ki, onlarla çox gözəl münasibətdəyik. Əlbəttə hər kəs burda eyni deyil, düşüncələrdə eyni deyil.

 

- Evinizdən uzaqda yaşayıb, işləməyinizə ailənizin münasibəti necə oldu?

 

- Birinci il qəbul olduqda valideynlərim çox narahat oldular. Uzaq rayon, tanımadığımız insanlar və s. Bu amillər onları nigaran qoyurdu. Lakin, hər bir yer doğma Azərbaycanımızın torpağıdır və burada yaşayan hər kəs öz həmyerlimizdir. Həmin düşüncə ilə yola çıxdıq və hazırda Lerikdə, Kəlvəzdəyəm. Məni hər kəs- dostlarım, tanışlarım, yaxınlarım, qohumlarım dəstəkləyirlər.

 

­- İlk dərs gününüz xatirinizdə necə qalıb? Həmin gündən bizə bəhs edə bilərsinizmi?

 Açıklama yok.

- İlk dərs günüm, əlbəttə yadımdadır. Həmin günün həyəcanı, şagirdlərlə tanış olmaq, onların məni necə qarşılayacağı, ilk nələrdən başlayıb danışmalı olmağım və s. Bu məqamların hər birisi məni çox həyəcanlandırırdı. İlk 6-cı sinfə daxil oldum, şagirdlərlə danışdıq,  daha sonra isə onlarda ilkin coğrafi biliklər formalaşdırdım, coğrafiya haqqında məlumat verdim və fikir mübadiləsi etdik.

 

Bir məqamı da qeyd etmək istəyirəm ki, ilk dəfə gələndə 11-ci sinfin şagirdləri məni məktəbə yeni gəlmiş şagird zənn etmişdilər. Xatırlayıram, həmin vaxt bu məni çox utandırmışdı.

 

- Şagirdlərin dərsə davamiyyəti necədir? Ümumiyyətlə çox vaxt düşünülür ki, ucqar kəndlərdə uşaqların dərsə davamiyyəti zəif olur. Bəs, sizdə vəziyyət necədir?

 

- Bizim məktəbdə ümumi 39 şagird təhsil alır. Lakin uşaqlar ayrı-ayrı kəndlərdən- 3–4 km uzaqdan məktəbə gəlirlər. Qışda çox zaman davamiyyət zəif olur. Buna səbəb isə siniflərin soyuq olmasıdır. Amma bu ildən etibarən modul tipli məktəb istifadəyə verildiyi üçün siniflərdə istilik sistemi qaydasındadır. Qeyd edim ki, kənddə qızların təhsil alması ön plandadır, hətta 9-cu sinifdə oxuyan şagirdimiz Gülay buraxılış imtahanında 201 bal toplayıb. Ümumiyyətlə məktəb müəllimləri, eləcə də məktəbimizin psixoloqu ilə birlikdə şagirdlərlə mütəmadi olaraq  görüşlər keçiririk. Onlara müasir dövrdə qızların, qadınların təhsilli olmalarının əhəmiyyəti, erkən nikah və onun fəsadları haqqında danışırıq. Valideynlərlə iclaslar keçirib, qız uşaqlarının, ümumilikdə bütün şagirdlərin təhsil almaları barədə maarifləndirici diskusiyalar edirik.

 

- Sevda xanım, bəs, sizin dərs keçmə metodunuz necədir? Şagirdlərə fənninizi sevdirmək, mənimsətmək üçün hansı üsullardan istifadə edirsiniz?

 

- Burda siniflərdə şagird sayı çox azdır. Bəzi siniflər var ki, 1 ya 2 şagird təhsil alır. Onlarda dərsə maraq yaratmaq biraz çətin olur. Lakin çalışdığım qədəri ilə şagirdlərə “powerpoint” proqramında hazırladığımız slaydlarla şagirdlərin marağını artırıram. Bəzən siniflər arasında yarışlar, xəmsə oyunu təşkil edirik, şagirdlərə hədiyyələr alırıq.

 

- Az şagirdə dərs keçmək necə hissdir? Boş qalan vaxtlarınızı necə dəyərləndirirsiniz?

 Açıklama yok.

- Çox yaxşı hissdir deyərdim. Çünki 45 dəqiqə yalnız eyni uşaqla məşğul oluram və demək olar ki, mövzunu dərs zamanı mənimsəyirik. Bu isə şagird üçün daha yaxşıdır. Dərslərimiz demək olar ki, fərdi dərs kimidir.  Şagirdlərin repetitor yanına getməyə ehtiyac qalmır, şagirdlər yalnız məktəbdə aldığı təhsillə kifayətlənirlər. Burda şagird sayı az olduğu üçün ali məktəbə sənəd verənlərdə azdır, lakin sənəd verən hər şagird nəticə göstərir.

 

- Az əvvəl qeyd etdiniz ki, bəzi siniflərdə 1-2 şagird təhsil alır. Heç olubmu ki, sinfə daxil olanda şagirdlərin heç birinin dərsə gəlmədiyinə şahid olasınız?

 

- Bu halla qışda qarşılaşmışam. Ötən il 7-ci sinif şagirdləri Göydərə adlı kənddən gəlirdilər. Yolları uzaq olduğu üçün uşaqlar dərsə gəlmirdilər. Amma bu il belə hadisələrlə rastlaşmamışıq.

 

- Qeyd etdiniz ki, şagirdlər uzaq kəndlərdən gəlirlər. Onların yaşadıqları kənddə məktəb yoxdur?

 

- Məktəb var, lakin ibtidai təhsil verdiyi üçün, oranı bitirdikdən sonra Kəlvəz kənd ümumi məktəbinə gəlirlər.

 

- Son olaraq, gələcək hədəfləriniz nələrdir?

 

- Gələcək hədəflərim şagirdlərimlə birlikdə daim zirvədə olmaqdır. Hər zaman şagirdlərimin sevgisini qazanmış müəllim olmaq istəyirəm.