Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-30 15:55:00
Azərbaycanda magistratura bakalavr təhsilindən FƏRQLƏNMİR

Bakalavr məzunlarının çox az qismi magistraturaya üz tuturlar. Bunun səbəblərindən biri universitetlərin magistratura pilləsi üzrə təhsil alan tələbələrə praktiki deyil, nəzəri bilik öyrətməyidir.

 

 Bəs, normalda bu proses necə tənzimlənməldir? Qabaqcıl ölkələrin hansı təcrübələrindən yararlanmalıyıq?

 

Mövzu ilə əlaqədar təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a danışıb.

 

Müsahibimiz bildirib ki, Azərbaycanda magistratura pilləsi, bakalavrın davamı kimidir. Buna görə də insanlar yeni bir bacarıq əldə edə bilmirlər:

 

“Bəzən məhz status - “diplomum olsun” xətrinə magistratura təhsili alınır. Amma universitetin IV kurs tələbəsi fərqinə varanda ki, ona diplom yox, bacarıq lazımdır, o zaman həmin şəxs hansısa beynəlxalq sertifikat verən kursa yazılır. Hansı ki, bu sertifikat beynəlxalq təşkilatların xüsusi imtahanların nəticəsi kimi verdiyi sertifikatlardır. Məsələn, mühasibatlıqda, maliyyədə istifadə olunan CFA sertifikatı, yaxud kibertəhlükəsizlik, data analitikası və b. səriştələr qazandıracaq müəyyən təlimlərə qoşularaq sertifikat almaq mümkündür. Bu sertifikatların nəticəsində işə müraciət edərək müsahibədən keçib birbaşa fəaliyyətə başlaya bilirlər. Bu informal təhsil 6 ay, 1 il müddətini əhatə etsə də, nəticədə formal təhsildən həm zaman, həm də maliyyə baxımından daha sərfəlidir. Ona görə də artıq dünyada bir çox universitetlər magistraturaya tələbə tapmaqda çətinlik çəkirlər”.

 

Q.Məhərrəmov təklif edib ki, magistratura dərsləri xalqa açıq olmalıdır:

 

“Xaricdə magistratura pilləsi insanların həyatında yeni səhifə açmaq üçündür. Yəni bir insan fəlsəfə üzrə bakalavr oxusa belə, ədəbiyyat sahəsi üzrə magistrant ola bilir, beləliklə də həyatında yeni bir səhifə açır. Azərbaycanda isə buna qarşı müəyyən məhdudiyyətlər var. Yalnız bir neçə oxşar proqram üzrə təhsil almaq mümkündür. Bizdə insan 17 yaşında verdiyi qərarın cəzasını ömrü boyu çəkir. Əgər 17 yaşında səhv edibsə, bunu ömrü boyu yaşamalıdır. Mən təklif edirəm ki, beynəlxalq təcrübədən yararlanaraq bu sistemi dəyişək. Bakalavr ixtisasından tamamilə fərqli sahədə magistr oxumaq mümkün olsun. İnsanlar 30-35 yaşında olsa, 10-15 il fərqli sahələrdə işləsələr belə fərqli sahələrdə magistratura təhsili ala bilsin və bu sahədə işləsin.

Digər təklifim isə magistratura fənlərinin universitetlərdə xalqa açıq olmasıdır. Magistratura dərsləri, dərsin müəllimi, mövzusu o qədər keyfiyyətli, günün tələbinə uyğun olmalıdır ki, insanlar universitetlərə müraciət edərək həmin fənnin dərsində iştirak edə bilsin. Bu dərs bütün insanlara açıla bilməlidir. O insan digər magistratura tələbələri kimi həmin dərsi keçib, transkript, sertifikat almalıdır. Yəni dərslərimiz xalqa açıq olmalıdır”.

 

Ekspert bildirib ki, inkişaf etmiş universitetlər magistraturaya tələbə cəlbinin daha çox olması üçün müəyyən priomlardan istifadə edirlər:

 

“Xaricdə inkişaf etmiş universitetlər, dövlət, eləcə də təhsil nazirlikləri magistraturanı müəyyən peşələrə getmək üçün şərt olaraq qəbul edirlər. Bakalavr ümumi, magistratura spesifikləşmə, sahə üzrə xüsusi səriştələr qazanma pilləsidir. Məsələn: Fizika, kimya, biologiya məzunları ancaq magistr olduqdan sonra müəllim kimi fəaliyyət göstərə bilirlər. Magistr təhsilləri olmadığı halda, ancaq müəllim kimi işləyə bilirlərsə, pedaqoji sahədə magistr olduqdan sonra sertifikasiyadan keçmiş müəllim statusu qazanırlar.

 

Digər bir təşviq isə texniki sahələrdə müxtəlif magistr proqramlarının açılmasıdır. Bu proqramlarla 1-2 il müddətində lisenziyalı data analitik və yaxud tester, kibertəhlükəəsizlik mütəxəssisi olmaq mümkündür. Lisenziyalaşdırma tələbələri peşəkar mütəxəssis halına gətirir ki, bu da özlüyündə formal bir diplomdan çox qabaqcıl məsələdir. Ona görə də bizim magistratura fakültələri bunu düşünməlidir ki, bazarın tələbi olan hansı sertifikasiyanı, lisenziyanı tələbələrə verim ki, magistraturanın sonunda məzunların həyatında əlavə dəyər qazana bilək.

 

Bundan başqa universitet sənaye ilə əməkdaşlıq edərək, sənayenin hansı xüsusi səriştələrə ehtiyacı olduğunu öyrənir. Daha sonra tələbələri 2 il müddətində həmin şirkətlərə təcrübə proqramlarına göndərirlər. Beləcə şirkətlər tələbəni, tələbə iş mühitini tanıyır və nəticədə məzun olduqdan sonra yaxşı iş tapmaq fürsəti yaranır.  Düşünürəm ki, bizdə bunlar olmadığı müddətcə magistratura fakültələri tələbə tapmaqda çətinlik çəkəcəklər”.