Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 13:45:00
“Şəhid yadigarı”: Təhsil alıram ki, övladlarımı istədiyim kimi böyüdə bilim -  MÜSAHİBƏ

“Balaca qızım bağçaya gedəndə deyir ki, hamının atası var, bəs, mənim atam niyə gəlmir?... Hər dəfə bu sözlərin qarşısında ağlamamaq üçün özümü güclə saxlayıram”.

 

Vətən uğrunda döyüşüb, qəhrəmancasına şəhid olan igidlərin yadigarları bu gün Azərbaycanın bir sıra ali və orta təhsil müəssisələrində təhsillərinə davam edirlər.

 

AzEdu.az Təhsil Portalı dəfələrlə “Şəhid yadigarı” rubrikasında şəhidlərin vətənə əmanət etdikləri ailə üzvlərindən silsilə müsahibələri sizlərə təqdim edib.

 

Budəfəki müsahibimiz Bakı Dövlət Universitetin İnformatika müəllimliyi ixtisasının III kurs tələbəsi Zeynəb Bədəlovadır.

 

O, İkinci Qarabağ müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunmuş Valeh Bədəlovun həyat yoldaşıdır. V.Bədəlov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.  Qeyd edək ki, şəhid Valeh Bədəlov Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil almasına baxmayaraq, vətən eşqi onu səngərlərə çağırıb.

 

İndi isə daha ətraflı Zeynəb xanımın özündən dinləyək...

 

 No description available.

- Mən, Bədəlova Zeynəb Hikmət qızı 26 mart 1994-cü ildə Yevlax rayonunda anadan olmuşam. Yevlax rayon Səməd Vurğun adına 5 saylı orta məktəbdə rus sektorunda 9-cu sinfə qədər təhsil aldıqdan sonra, 2010-cu ildə Bakı Kompüter Kollecinin İnformatika müəllimliyi fakültəsinə daxil oldum. 4 il kollecdə təhsilimi davam etdikdən sonra 2016-cı ildə yoldaşım Valeh Bədəlovla ailə həyatı qurdum. Biri 6, digəri 4 yaşında olan 2 qız övladım var. 2020-ci ildə subbakalavr kimi Azərbaycan Universitetinə qəbul oldum. Yoldaşım da bunu çox dəstəkləyirdi. O, deyirdi ki, gedib qeydiyyatdan keçərik, təhsilini davam etdirərsən. Sadəcə 2020-ci ilin yayından etibarən o, təlimlərə gedirdi. Təkcə sentyabrda arada evə gəlib-gedə bilirdi. İşlər elə gətirdi ki, sənədləri təqdim etməyə vaxtımız olmadı. Ancaq yoldaşım şəhid olduqdan sonra 2021-ci ildə ailəmin təkidi ilə yenidən sənəd verdim, Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisasına qəbul olundum.

 

- Zeynəb xanım, uzun müddətdən sonra ali təhsil alma qərarına necə gəldiniz?

 

- Mənim həmişə ən böyük arzum Bakı Dövlət Universitetində təhsil almaq olub. Ancaq Valeh şəhid olduqdan sonra təhsil almaq düşüncəsində deyildim. Ancaq ailəm, yoldaşımın anası, bacısı hamısı oxumağım üçün mənə dəstək oldular. Hazırda təhsil almağımın ən böyük səbəbkarı da məhz baldızım oldu. O, bütün sənədlərimi bir-bir toplayıb, qeydiyyatdan keçirdi və universitetə təqdim etdi. Sonra artıq özüm də düşündüm ki, övladlarımın gələcəyi üçün ali təhsil alıb, işləməliyəm.

 

- Uzun zamandan sonra istər oxumaq, istərsə də mühit cəhətdən universitet həyatına adaptasiya prosesində çətinlikləriniz oldu?

 

- Çətinliklərim oldu. Neçə müddət kitab-dəftərdən uzaq olmağım, eləcə də körpə uşaqlarımın olması təhsil həyatına adaptasiya olmağımda çətinliklər yaradırdı. Həmin vaxtlar depressiyadaydım deyə o vəziyyətdə dərs oxuya bilmirdim. Bundan əlavə qrup yoldaşlarımla aramızda yaş fərqi də var idi. Onlar 17-18 yaşındaykən mən 30 yaşında idim. Amma buna baxmayaraq qrup yoldaşlarım, müəllimlər, dekanımız, tyutor - hər biri mənə çox böyük dəstək göstərdilər. Onların dəstəyi ilə bu gün 3-cü kurs tələbəsiyəm.

 

- Qeyd etdiniz ki, Valeh müəllim yaydan etibarən təlimlərə cəlb olunurdu, ancaq sentyabrda evə gəlib-gedirdi. Bəs, sonuncu dəfə onunla nə zaman əlaqə saxlaya bildiniz? Ən son sizə nə demişdi?

 

- Valeh sonuncu dəfə sentyabrın 26-sı təlim adıyla evdən çıxdı. 27-si müharibə başlasa da, o müharibəyə getdiyini qətiyyən bizə bildirmirdi. Amma bu dəfəki gediş əvvəlkilərdən fərqli oldu... O, daha düşüncəli, həyəcanlı idi. Biz 4 gün ondan xəbər ala bilmədik. Sadə telefon aparmışdı, ona da zəng çatmırdı. Həmin vaxt biz hərbi şəhərcikdə, atasıgil isə Zaqatalada yaşayırdılar. Okyabrın 2-də ilk dəfə başqa nömrə ilə mənə zəng etdi. Bir qədər danışdıq, uşaqları soruşdu, vəziyyətlə maraqlandı. Ona dedim ki, atan müharibə xəbərini eşidib halı pisləşib. Onunla danış. Həmin gündən sonra demək olar ki, hər gün danışırdıq. Sonuncu dəfə okyabrın 5-i əlaqə saxlaya bildik. Hər dəfə Valeh zəng edəndə böyük qızım (o vaxt 2 yaş 8 aylıq idi) yatırdı deyə danışa bilmirdi. Amma sonuncu zəngdə qızıyla danışdı. Qızım dedi ki, “Ata, gəl mənə meyvə şirəsi al”.

Biz nə vaxt danışsaq “narahat olmayın, hər şey yaxşıdır” deyirdi. Bir dəfə şikayətləndiyini eşitmədim. Biz xəbər ala bilmədiyimiz 4 gündə onlar Murovda ac-susuz döyüşüblər. Amma onu bizə hiss etdirmirdi. Bircə səsindən yorğun olduğunu eşidə bilirdim.

 

Oktyabrın 5-dən 6-na keçən gecə 4-5 radələrində sonuncu dəfə mesajlaşdıq... “Mənim haqqımda kimdənsə, nə isə eşitsən inanma, mən özüm sənə xəbər verəcəm. Narahat olma geri dönəcəm”, - yazmışdı...

 

Okyabrın 7-si saat 11-12 aralığında Valehin şəhid olduğu xəbərini aldıq.

 

- Zeynəb xanım, yaşadıqlarınız çətin olsa da, bütün bunlara baxmayaraq ayaqda dimdik durmağı bacarmağınız çox təqdirəlayiqdir.
Qeyd etdiniz ki, böyük qızınız axrıncı dəfə atasıyla danışıb. Övladlarınız indi ataları barədə sizə suallar verirlərmi?

 No description available.

- Böyük qızım Aylin atasına çox bağlı idi. Valeh hər işdən gələndə ona nağıl oxuyurdu. Atası divana uzanan kimi nağıl kitabını götürüb, gəlib yanına uzanırdı ki, mənə nağıl oxu. Əvvəllər mənə çox suallar verirdi. İndi isə 1-ci sinifdə oxuyur. Artıq atası barədə soruşmur. Deyəsən o, artıq hər şeyi başa düşür... Ataları barədə sual verəndə çalışıram ki, kövrəlməyim, normal cavab verim. Amma böyük qızım səsimin dəyişdiyini hiss edir deyə mənə yox, nənəsinə sual verir.

 

Valeh şəhid olandan 3 gün sonra hələ kiçik qızımın 1 yaşı tamam oldu. O, demək olar ki, atasını heç xatırlamır. İndi 4 yaşı var hər gün atası ilə bağlı çoxlu suallar verir. “Ata hardadı, niyə gəlmir?”,- deyir. Ona deyirəm ki, ata cənnətdədir, biz də qocalanda onun yanına  gedəcəyik. Onda da deyir ki, “tez qocalaq, mən atamı görmək istəyirəm, heç onu görməmişəm”.

 

Bəzən bir otağa daxil olub, atasıyla danışırmış kimi edir... “ata, filan şey belə oldu”, -deyir.  Bağçaya gedir, qayıdanda deyir ki, hamının atası var, bəs, mənim atam niyə gəlmir?... Hər dəfə bu sözlərin qarşısında ağlamamaq üçün özümü güclə saxlayıram.

 

Yoldaşım övladlarına bağlı olan çox mükəmməl ata idi. Müharibədə olsa da zəng edəndə birinci uşaqları soruşurdu. O, döyüşə gedəndə balaca qızım hələ yeriyə bilmirdi. Nə vaxt zəng edirdisə, soruşurdu: Nilay yeriyir? Özü sərbəst gəzir?

 

- Sizinlə eyni taleyi yaşamış olan qadınlara öz təcrübələrinizdən yola çıxaraq nə tövsiyələr vermək istəyərsiniz?

 

- Mən hərbi şəhərcikdə qaldığım üçün çox şəhid xanımı tanıyıram. Təkcə bizim  blokdan 4 şəhid vermişik. Hələ də həmin şəhidlərin xanımları ilə əlaqəmiz var. Birimiz düşəndə birimiz əl verib, qaldırırıq. Qoymuruq ki, hansımızsa ruhdan düşsün. Məndən sonra həmin şəhid xanımlarının bir çoxu təhsil almağa başladı. Güclü olmağı, ayaq üstə durmağı onlara da tövsiyə etdim. Artıq bizim tək məqsədimiz övladlarımızı yoldaşlarımıza layiq şəkildə, onların istədiyi kimi böyütməkdir. Güclü olmaqdan başqa yolumuz yoxdur. Düşünürəm ki, bu yolda ali təhsil də vacibdir. Gələcəkdə övladlarımızı heç kimə möhtac etməmək üçün ali təhsil bizim üçün çox vacibdir. Eyni taleyi yaşayan bütün xanımlara bu tövsiyələri vermişəm, indi də gördükcə, tanıdıqca eyni şeyləri təkrar edirəm.