Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-23 12:04:00
“Fədakar müəllim”: Məktəbə getdiyimiz körpünü sel aparıb - MÜSAHİBƏ

Günümüzdə demək olar ki, hər kəs şəhərdə, daha yaxşı şəraitli ərazilərdə yaşayıb, işləmək istədiyi halda bəziləri dağlara, keçilməz yollara, çayı aşıb-daşan bölgələrə, kəndlərə məhz təhsil vermək üçün üz tuturlar.

 

AzEdu.az Təhsil Portalı da “Fədakar müəllim” rubrikasında məhz yaşayış yerindən uzağa uşaqlara bilik vermək üçün gedən müəllimlərlə müsahibələr təqdim edir.

 

Budəfəki müsahibimiz Lerikdən Zaqatalanın ən ucqar, yolları keşmə-keşli olan Ələsgər kəndində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllim Şəhriyar Bəhmənovdur.

 

Şəhriyar müəllim həftənin 4 günü Zaqatalanın mərkəzindən Ələsgər kəndinə dərs keçməyə gedir. Müsahibimizin sözlərinə görə məktəbə getmək üçün çayın üzərindəki qırıq körpüdən keçmək məcburiyyətində qalırlar, bu səbəbdən də hər dəfə ekstremal vəziyyətlə üz-üzə gəlirlər.

 

 Açıklama yok.

Daha ətraflı məlumatı özündən dinləyək...

 

Mən, Bəhmənov Şəhriyar Təyyar oğlu 27 fevral 1995-ci ildə Lerik rayonu Rvarud kəndində doğulmuşam. 2001-ci ildə Bakı şəhəri Binə qəsəbəsi S.Abbasov adına 117 saylı tam orta məktəbin birinci sinfinə getmişəm. 2012-ci ildə isə S.Haciyev adına Rvarud kənd tam orta məktəbini bitirdim. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə (Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası) qəbul oldum. Universiteti bitirdikdən sonra  ADPU-nun magistratura (Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və  metodologiyası ixtisası) pilləsinə qəbul olundum. Bundan sonra 1 il Lerik rayonunda müəllim kimi fəaliyyət göstərdim. Müəllimliyə bir az ara verdikdən sonra yenidən imtahan verərək Zaqatalanın Ələsgər kənd ümumi orta məktəbinə qəbul olundum. Artıq 2 ildir ki, burada ailəmlə  birgə yaşayıram. Həmçinin, ədəbiyyata olan marağım bədii və publistik əsərlər yazmağıma şərait yaradır. Əsərlərim dövri-mətbuatda mütəmadi çap olunur.

 

- Şəhriyar müəllim, hazırda işlədiyiniz məktəb ən ucqar kəndlərdən birində yerləşir. Bizə maraqlıdır, ilk dəfə Zaqatalaya gedəndə sizdə hansı təəssüratlar formalaşdı?

 

- Zaqatala və buranın sakinləri barədə təəssüratlarım çox yaxşıdır. Çünki buradakı insanlar çox mehriban və qonaqpərvərdirlər. Özüm mühitə tez adaptasiya olan insanam, lakin mühiti və insanları çox sevirəm. Yaxşı ki, buraya gəlmişəm.

 

- İlk dərs gününüz xatirinizdə necə qalıb?

 

- Heç ağlıma gəlməzdi ki, ilk dərs günümdə məktəbə yük maşını ilə gedərəm... Çox təəccübləndiyimi xatırlayıram, çünki gözləmirdim ki, çayın səviyyəsi o qədər yüksək olsun.

 

- Şagird-müəllim-valideyn münasibətləriniz necədir?

 

­- Şagirdlərlə münasibətimiz normaldır. Qarşılıqlı hörmət çərçivəsində dərslərimizi keçirik. Çox şadam ki, şagirdlərimiz buraxılış imtahanında üzümüzü ağ etdilər, xüsusən mənim tədris etdiyim fəndən ən yüksək nəticəni göstərdilər.

 

Valideynlərlə də münasibətlərimiz yaxşıdır, sadəcə işləri səbəbindən onlar çox da məktəbə gəlib-gedə bilmirlər. Lakin vaxtaşırı telefon vasitəsi ilə övladlarının bilik səviyyəsi ilə bağlı danışıqlar aparırıq.

 

- Şəhriyar müəllim, məlumdur ki, Zaqatalanın böyük bir hissəsində azsaylı xalqlar məskunlaşıb. Maraqlıdır, bəs, sizin dərs dediyiniz məktəbdə azsaylı xalqlardan olan şagirdlər varmı?

 

- Bəli, işlədiyim məktəbdəkilərin hamısı Saxurlardır. Ancaq onların dilləri çox çətin olduğu üçün hələ ki, öyrənə bilməmişəm.

 

- Diqqətinizi çəkən fərqli adət-ənənələrlə qarşılaşmısınız?

 

-Adət-ənənə yox, lakin burada fərqli yeməklər görmüşəm. Məsələn, Xalyar, Maxara və s.

 

- Rayondan kəndə gedərkən yolda başınıza hər hansısa ekstremal hadisə ilə üzləşmisiniz?

 

- Ələsgər kəndi dağ kəndi olmaqla yanaşı ,həm də bu kəndin çox ciddi yolsuzluq problemi var. Bu problem uzun illərdir ki, sakinləri narahat edir. Məktəbə getmək üçün çayın üzərindən keçməli oluruq, amma təəssüf ki, körpü köhnə və qırıq olduğundan hər dəfə müəllim yoldaşlarla maksimum adrenalin yaşayırıq. Qışda suyun səviyyəsi aşağı olanda körpüdən keçirik, ancaq yazda yağışların da yağması nəticəsində çay suları olan köprünü də götürüb-aparır. Həmin yolda getmək üçün ancaq hündür maşına ehtiyac var.

 

- Bəs, bu problemin həlli üçün kənd sakinləri tərəfindən rəsmi qurumlara hər hansısa müraciətlər edilibmi?

 

-Bildiyim qədəri ilə müvafiq orqanlara bu məsələ ilə bağlı müraciətlər olunub, ərazilər yazılıb, amma hər dəfə məsələnin planda olduğu, lazımi işlərin görülücəyi bildirilir. 20 ildən artıqdır ki, sakinlər bu şəraitdə gedib-gəlirlər.

 

- Şəhriyar müəllim, kənddə uşaqların təhsilə marağı necədir? Əsasən də qızlar məktəbə gedirlərmi?

 

- Uşaqların təhsilə marağını normal qiymətləndirirəm. Sinifdə oğlanlar daha çoxluq təşkil etsə də, qızlar oğlanlara nisbətən daha fəal və oxumağa meyillidirlər. Oğlanlar təhsildən daha çox digər sahələrdə özlərini sınamaq istəyirlər. Məktəb 9 illik təhsil verdiyindən əksər şagirdlər təhsilini kolleclərdə davam etdirirlər.

 

- Şagirdlərin mövzuları daha keyfiyyətli qavramağı üçün hər hansısa üsullardan istifadə edirsiniz? 

 

-Dərs prosesində çalışıram ki, ənənəvi təlimlə müasir təlimi sintezindən səmərəli istifadə edim. Eyni zamanda özünəməxsus təlim üsullarına, məsələn, müəyyən priomlara (bu daha çox Azərbaycan dili fənninə aid olur) müraciət edirəm. Şagirdlərin dərsə marağını təmin etmək üçün isə summativ qiymətləndirmələrdən yüksək nəticə göstərənlərə diplom və hədiyyələr təqdim edirəm.

 

- Bəs gələcəklə bağlı planlarınız necədir? Fəaliyyətinizə harada davam etmək istərdiniz?

 

- Yaxın 5-10 ilə Qərbi-Avropada və ya  ABŞ-də kinematoqrafiya ixtisası üzrə təhsil almaq istəyirəm. Özüm bədii yaradıcılıqla məşğul olduğum, hekayə və pyeslər yazdığım üçün bu sahəyə də maraq göstərirəm. Bədii yaradıcılıq sahəsinə maraq tələbəlik illərində oxuduğum kitabların təsiri nəticəsində formalaşdı.