Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-07 09:03:01
“Tarixdə bu gün” - 7 aprel...

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

7 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

1948-ci il aprelin 7-də Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində Ümumdünya Səhiyyə Təşkilatı (WHO) yaradıldı:

 

Təşkilatın əsas məqsədi bütün dünya xalqlarının sağlamlığını yüksək səviyyəyə qaldırmaqdır.

 

1949-cu ildən 7 aprel Ümumdünya Səhiyyə Günü kimi qeyd olunur. 

 

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 200-dək üzvü var.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildən həmin təşkilata qəbul edilib.

 

7 aprel 1906-cı ildə Molla Nəsrəddin jurnalı çap olunub:

 

Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalıMolla Nəsrəddin”in birinci nömrəsi 1906-cı ilin 7 aprelində Tiflisdə çapdan çıxdı. Həmin vaxtdan etibarən 1918-ci ilədək bu jurnal Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olundu.

 

Jurnalın redaktoru və naşiri görkəmli nasir və jurnalist Cəlil Məmmədquluzadə idi. Bütün təqib və təzyiqlərə baxmayaraq “Molla Nəsrəddin”in haqq səsi Qafqazın hüdudlarını aşaraq Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi.

 

Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdülrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Cəfər Cabbarlı, Əliağa Vahid, Böyükağa Talıblı kimi ədiblər, Əzim Əzimzadə, Şmerlinq, Rotter kimi rəssamlar jurnalda fəal iştirak edib. Həmin illərdə “mollanəsrəddinçilər” nəsli formalaşmışdı.        

 

7 aprel 1909-cu ildə Bakı bulvarı yaranıb:

 

Dənizkənarı Bulvar İdarəsi Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edib. İdarədən bildirilib ki, tarixi faktlar Bulvarın aprelin 7-də yarandığını göstərir.

 

1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır.

  

7 aprel 1969-cu ildə yaradılan internetin simvolik olaraq ad günüdür.

 

50 ildən çoxdur ki, internet həyatının içindəyik.