Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 10:50:00
Ali məktəblərdə tədris ili: Hansı ixtisaslarda azaldıla bilər?

Zaman-zaman ali təhsil pilləsinin müddətinin qısaldılması gündəmə gəlir. Bəzi ixtisaslar üzrə 4,5, hətta 6 illik də tədris mövcuddur.

 

Ali təhsil müddətinin uzunluğu tələbənin həyatında nə qədər rola malikdir? Dünya təcrübəsində bu proses necə tənzimlənir?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, ali təhsil müddətinin qısaldılması bütün ixtisaslar üçün nəzərdə tutulmur:

 

“Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə “Ali təhsil haqqında qanun” qəbul edəcək. İndiyə qədər təhsilin müxtəlif pillələri üzrə qanun layihəsi qəbul edilmişdir.  Belə ki, 2009-cu ildə “Təhsil haqqında” qanun, 2011-ci ildə “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”, 2016-cı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət. Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”, eyni zamanda, məktəbəqədər, ümumtəhsil, elm haqqında qanun   qəbul edildi. Amma ali təhsil müəssisələrinin idarəedilməsi, orada şəffaflığın təmin olması, keyfiyyətin yüksəldilməsi və idarəedilməsi ilə bağlı ciddi məsələlər hələ də boş olaraq qalırdı. Məhz bu problemin aradan qalxması üçün ayrıca qanun layihəsinə yəni, “Ali təhsil haqqında qanun” layihəsinə ehtiyac var idi.

 

Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” qanun ali təhsilin keyfiyyətinin artırılması, eyni zamanda dünya təhsil sisteminə inteqrasiyasına müsbət təsir göstərəcək. Yeni qanun layihəsində bir sıra dəyişikliklər var. Onlardan biri ali təhsilin müddəti və ixtisas istiqamətləri ilə bağlıdır. Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Lakin bu, Azərbaycan universitetlərində qəbul həyata keçirilən ixtisasların hamısına aid deyil. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşadırmanı əks etdirməyən texniki ixtisaslardır”.

 

“Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur”, -deyə K.Əsədov vurğulayıb:

 

“Qeyri-ixtisas fənlərini azaldıb proqramdan çıxarsaq, tədris ili azaldılacaq.  Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın. Təhsil pilləsinin azaldılması beynəlxalq standart təhsil təsnifatına da uyğundur. Lakin bu bütün ixtisaslara aid olmayacaq.

 

Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar eyni olaraq qalacaq. Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinə yüksəldilməsinə xidmət edəcək”.