Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 09:46:00
Maksimum nəticə göstərən şagird: “Məqsədim yaxşı bir həkim olmaqdır”

Xəbər verdiyimiz kimi, 11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

AzEdu.az-ın məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Onlardan biri də 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir.

 

AzEdu.az Təhsil Portalı olaraq Nərmin Ağazadə ilə əlaqə saxladıq. O təəssüratlarını bizimlə bölüşüb.

 

Müsahibimiz xəbəri duyan zaman inana bilmədiyini qeyd edib:

 

“İlk bu xəbəri eşidən zaman çox sevindim. Əslində 300 bal toplayacığımı gözləmirdim və buna görə də təəccüb hissi keçirdim. 290-baldan yuxarı olacağını zənn edirdim, amma 300 balı heç gözləmirdim. 4-cü qrup üzrə hazırlaşıram və istəyim həkim olmaqdır. Qəbul olduqdan sonra hansı sahə üzrə həkim olacağımı düşünəcəyəm”.

 

Nərmin imtahanlara hazırlaşma mərhələsindən bəhs edib:

 

“İmtahanlara hazırlaşmaq əslində o qədər də asan deyil. Müəllimlərimin tapşırıqlarını hər dəfə vaxtı-vaxtında yerinə yetirirdim. Tez-tez sınaqlara gedirdim. Fənlər içərisində əsasən Azərbaycan dili fənnidə bəzi suallar mənə qaranlıq qaldı. Ona görə də digərləri ilə müqayisədə Azərbaycan dili çətin gəlirdi”.

 

Həmsöhbətimiz gələcəkdə yaxşı bir həkim olmağı qarşısına məqsəd qoyduğunu söyləyib:

 

“Gələcək hədəfim yaxşı bir həkim olmaqdır. Əsas məqsədlərimdən biri də bakalavr təhsilimi burada oxuyub daha sonra təhsilimi xaricdə davam etdirməkdir”.

 

Maksimum nəticə toplayan abituriyent kimi Nərmin şagirdlərə tövsiyələrini qeyd edib:

 

“Yaşıdlarıma, aşağı sinifdə oxuyan şagirdlərə tövsiyəm budur ki, yaxşı baza yığsınlar. Çünki o baza olmadıqdan sonra yüksək nəticə əldə etmək mümkün deyil. Burada əsas şərt məsuliyyətli olmaq, verilən tapşırığı vaxtında hazır etmək və bir də sınaqlarda iştirak edib öz-özünü hər dəfə təkmilləşdirməkdir. İnsan ilk növbədə özünə inanıb və qarşısına məqsəd qoymağı bacarmalıdır”.