Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 11:39:00
"Danışıq blokunun qəbula tətbiq olunması problem yarada bilər"

Gələcək illərdə magistraturaya qəbul imtahanı zamanı danışıq bloku üzrə test tapşırıqları əlavə olunmağı planlaşdırılır.

 

Danışıq bloku üzrə test suallarının əlavə edilməsinin bakalavrlar üçün nə üstünlüyü var?

 

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a öz fikirlərini bölüşüb.

 

Ekspert bildirib ki, gələcəkdə magistraturaya qəbul imtahanına danışıq tipli test tapşırıqlarının əlavə olunması beynəlxalq imtahanların təcrübəsindən götürülüb:

 

“Danışığın yoxlanması formatının gələcəkdə imtahana əlavə ediləcəyi xəbərinin əvvəlcədən verilməsi magistr hazırlığı ilə məşğul olan kurslara böyük öhdəlik verir. Bu proses tətbiq olunana qədər hazırlıq kursları öz üzərlərinə düşən texniki bazanı təmin etməlidirlər. Düşünürəm ki, magistratura imtahanına danışıq tipli testlərin əlavə olunması ciddi problemlərə yol açmaz. Ancaq  bu prosesin gələcəkdə abituriyentlər üçün imtahanlara əlavə olunması böyük problemlər yarada bilər. 

Beynəlxalq imtahanlarda danışıq bloku üzrə test tapşırıqlarının salınması hallarına rast gəlirik. Bu imtahanların bir çoxunu da Dövlət İmtahan Mərkəzi keçirir. Ümumiyyətlə yazı tipli, eləcə də danışıq bloku sullarının əlavə olunması o  imtahanın mürəkkəbliyini ortaya qoymaqla yanaşı, müdavimin də ümumi biliyinin və təfəkkürünün ortaya çıxarılmasına xidmət edir.  Ola bilər ki, imtahanda iştirak edən şəxsin bilik səviyyəsi yüksək olsun, amma danışıq qabiliyyəti zəifdir, yaxud da əksinə. İlk təcrübə zamanı iştirakçılar üçün müəyyən qədər problem yaşana bilər, amma inanıram ki, illər keçdikcə bu da digər imtahanlar kimi standart bir reysə düşəcək”.

 

“Əgər biz Azərbaycan üçün yaxşı kadr hazırlamaq istəyiriksə, təhsil sahəsində atılan addımları alqışlamalıyıq, amma bu addımlar fəsadlara yol açmamalıdır”,-deyə ekspert bildirib:

 

“Beynəlxalq imtahanlarda tətbiq olunan təcrübənin Azərbaycana gəlməsi yaxşı addımdır, ancaq burada buna yüksək səviyyədə hazırlıq tələb olunur. Əvvəlcə maddi-texniki bazanın hazırlığı, imtahanın qurulması, aparılması, şəffaflığı, obyektivliyi, o cümlədən iştirakçıların narazılığına səbəb olmayacaq şəkildə keçirilməsi əsas məsələlərə daxildir. Ola bilsin ki, gələcəkdə abituriyentlər üçün də bu cür suallar tərtib olunsun. O zaman isə müəyyənləşdirmək lazımdır ki, abituriyent buna hazırdırmı? Ümumtəhsil müəssisələrində bu cür maddi-texniki bazanın varlığı və digər məsələlər təhlil edilməlidir. Önəmli olan məsələ dəyişikliyin ictimaiyyətdə ciddi narazılığa səbəb olmamağıdır. Ola bilər ki, birinin biliyi güclüdür, digərinin danışıq qabiliyyəti. Bu halda biliyi güclü olan adamın müəyyən bir sahə üzrə vəzifə tutması xoş qarşılanmaya bilir”.