Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 09:06:09
“Tarixdə bu gün” - 4 martda nələr baş verib?

Hər gün bir tarix ilə xatırlanır. Tarixlərin əhəmiyyətlilik dərəcəsi onları bir-birindən ayırır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

4 mart  tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

4 mart məhşur Azərbaycan milyonçusu, sahibkar Musa Nağıyevin xatirə günüdür:

 

O, 1842-ci ildə anadan olub. M.Nağıyevin Abşeronda 30-dan çox neft mədəni var idi.

Bakıda bir çox memarlıq abidəsi, o cümlədən, oğlunun xatirəsinə “İsmailiyyə” adlandırdığı indiki Elmlər Akademiyası Rəyasət Heyətinin və İncəcənət Muzeyinin Monumental binalarını o tikdirib.

Neft milyonçusu Musa Nağıyev 1919-cu ilin bu günü 77 yaşında həyatdan köçüb. 

 

4 mart 1968-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov anadan olub:

 

O, Orta məktəbi Masallıda oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olub. 1989-cu ildə E.Əhədov Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.

 

Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşub. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.

 

4 mart 2008-ci ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Ağdərə toqquşması baş verib:

 

Toqquşma nəticəsində ümumi 20 nəfər hərbi qulluqçu ölüb, 2 nəfər hərbi qulluqçu isə yaralanıb. 

 

4 mart Azərbaycanın əməkdar artisti Elçin Həmidovun xatirə günüdür: 

 

Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir. 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsinə daxil olub, 1981-ci ildə bitirib. 

 

Həmidov Məhəllə filmində “Məzi” rolu ilə daha çox gənclər tərəfindən tanınır.