Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 13:21:00
Türkiyə-Azərbaycan Universitetində 240 tələbənin təhsil alması planlaşdırılır

Fevralın 19-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov AzEdu.az-a danışıb.

 

İ.Orucov bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması üçün 10 milyon manat vəsait ayırılması planlaşdırılır:

 

“Universitet müasir texniki ixtisaslar üzrə, əsasən kompüter elmləri, kompüter mühəndisliyi, süni intellekt yaxud da robot mühəndisliyi, eləcə də rəqəmsallaşmaya dair bir sıra ixtisaslar üzrə mütəxəssis hazırlığı ilə məşğul olacaq. Bundan əlavə gələcək illərdə tibb ixtisasının planlaşıdırılması nəzərdə tutulur. Təsadüfi deyil ki, tibb sahəsində mütəxəssislərə həmişə gərək duyulur. Bu ixtisasların Türkiyə-Azərbaycan Universitetində tədrisi Türkiyə təcrübəsinin ölkəmizdə əyani təşkilinə imkan verəcək. Türkiyənin texniki elmlər sahəsində ali təhsil verən çox güclü təhsil potensialı, həmçinin universitetləri var. Hansı ki, həmin universitetlər dünya reytinqində aparıcı mövqelərdə qərarlaşıblar. Eləcə də tibb təhsili verən nüfuzlu ali təhsil müəssisələri var ki, bu təcrübələrin Azərbaycana gətirilməsi, həmçinin universitetdə Türkiyədən gələn müəllimlərin, alimlərin tədrisə cəlbi Azərbaycan üçün çox faydalı olacaq”.

 

İctimai Şuranın məsul katibi qeyd edib ki, universitetdə ilkin olaraq 240 tələbənin təhsil alması planlaşıdırılır:

 

“Universitet fəaliyyətə başlayandan sonra prosedurlar, müəllim kontengenti, tələbə sayı və s. barədə dəqiq məlumat veriləcək. Ancaq ilkin proqnozlar bu istiqamətlidir. Universitetin yaradılması Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq və bütün sahələrdəki əməkdaşlığa öz töhfəsini verəcək. İki ölkənin təhsil qurumları arasında güclü əlaqələr mövcuddur. Siyasi, iqtisadi münasibətlər fonunda, həmçinin sosial, humanitar sahədə əməkdaşlıq var və bunların da tərkib hissələrindən biri kimi kadr hazırlığı, ali təhsil, texnoloji sahədə olan münasibətlərin genişlənməsinə ehtiyac var. Texnoloji sahədə münasibətlərimiz çox yüksək səviyyədədir və bu da bir başa diktə edir ki, texniki sahələr üzrə təhsil sahəsində də  əməkdaşlıq ən yüksək səviyyədə mövcud olsun. Hər il ölkələr arasında qarşılıqlı tələbə və təcrübə mübadilələri keçirilir. Türkiyədə 35 minə yaxın vətəndaşımız təhsil alır. Eləcə də Azərbaycanda təhsil alan türkiyəli tələbələr var. Ümid edirəm ki, universitet təhsilin inkişafına böyük töhfə verəcək. Azərbaycan əmək bazarında yüksək keyfiyyətli kadr təminatında öz sözünü deyəcək. Bu isə özlüyündə  Azərbycan və Türkiyə qardaşlığının növbəti mərhələsinin başlamasına səbəb olacaq”.