Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 09:07:10
IELS tədqiqatının sınaq mərhələsində 600-dək uşaq iştirak edəcək

Azərbaycanda ilk dəfə Elm və Təhsil Nazirliyi ilə Təhsil İnstitutu tərəfindən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) keçirilir.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqat zamanı uşaqların ev və erkən təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə müəllimlər və valideynlər sorğuya cəlb edilir.

 

Tədqiqatın sınaq mərhələsi üçün Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşağın iştirakı nəzərdə tutulur. Fevralın 8-dən 14-dək 119 uşaq və 45 müəllim qiymətləndirmə tədqiqatında iştirak edib.

 

Sınaq mərhələsi üzrə qiymətləndirmə martın 15-dək davam edəcək. Müəssisələrdə qiymətləndirmə sessiyaları Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi tərəfindən müsahibə əsasında seçilmiş məktəbəqədər təhsil sahəsində təcrübəli şəxslər tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, beynəlxalq tədqiqatın əsas mərhələsi 2025-ci ildə keçiriləcək.