Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 09:00:00
“Tarixdə bu gün” - 15 fevral nə ilə yadda qalıb?

Tarixin elə günləri olur ki, həmin gündə bir yox, bir neçə əhəmiyyətli hadisə baş verir.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

15  fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

15 Fevral Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür:

 

Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu fevralda qeyd etmək qərara alınıb.

 

Onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 400 min uşaq və 20 yaşınadək yeniyetmə xərçəng xəstəliyinə mübtəla olur. Hər il təxminən 100 min uşaq xərçəng xəstəliyindən vəfat edir.

 

15 fevral 1820-ci ildə elektrikin maqnit təsiri kəşf olunub:

 

Kopenhagen Universitetində elektrikə həsr olunmuş mühazirədə fizika professoru Ersted elektrikin maqnit təsirini kəşf edib.

Təcrübələr zamanı naqildən elektrik cərəyanı keçirilərkən onun altındakı kompasın maqnit oxu tərpənib və özünün adi vəziyyətindən yayınıb. Bununla da elektromaqnitizm haqqında elmin bünövrəsi qoyulub.

 

1934-cü ilin fevralın 15-də  Azərbaycanlı alim Arif Paşayev anadan olub:

 

Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 

 

15 fevral 2003-cü ildə tarixin ən böyük sülh nümayişi keçirilib:

 

Dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə  qarşı etirazlar keçirilib.  Səkkiz milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.

 

15 fevral 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib:

 

Azərbaycan Respublikası Prezidenti turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə qərar verib.