Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 12:28:19
Məktəblilər STEAM İnnovasiya Mərkəzində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri STEAM İnnovasiya Mərkəzində olurlar.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, ekskursiya çərçivəsində müxtəlif yaş kateqoriyasından olan məktəblilər elmi yeniliklərin tətbiqini əyani olaraq görür, XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini təkmilləşdirirlər.

 

STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış olurlar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılır, bələdçilərin köməyilə müxtəlif komandalara bölünərək oyunlar oynayır, əylənir və öyrənirlər. Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər keçirir, məktəbdə tədris prosesində öyrəndiklərini əyani şəkildə görmək imkanı qazanırlar.

 

STEAM İnnovasiya Mərkəzinin əsas məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltməkdən, onları öyrənməyə həvəsləndirməkdən ibarətdir.

 

Qeyd edək ki, STEAM İnnovasiya Mərkəzinin yaradılması ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürüdür.