Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-07 12:04:20
İlqar Orucov: Azərbaycan xalqının bu seçimi həlledici olacaq

Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə müstəsna əhəmiyyət kəsb edən hadisə - növbədənkənar prezident seçkiləri keçirilir. Hər zaman, hər bir ölkənin tarixində onun ölkə rəhbərinin seçimi kifayət qədər maraq doğurur. Bu seçkilər istər ölkə daxilində, istər beynəlxalq aləmdə kifayət qədər izlənilir, müşahidə olunur, maraq kəsb edir. Ölkənin gələcəyini etibar edəcəyimiz şəxslə bağlı seçimimizi qətiləşdirdiyimizə görə seçkilər bizim üçün də çox əhəmiyyətlidir, taleyüklü məsələdir. Mən də bu gün öz səsvermə hüququmdan istifadə etdim.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov söyləyib.

 

“Azərbaycan vətəndaşları səsvermədə böyük fəallıq nümayiş etdirirlər. Azərbaycan xalqı müdrik, intellektual xalqdır. Ölkənin gələcəyi ilə bağlı həlledici qərarların verilməsində Azərbaycan xalqının kifayət qədər siyasi iradəsi mövcuddur” , - deyə İlqar Orucov qeyd edib.

 

İlqar Orucov bu il keçirilən növbədənkənar prezident seçkilərinin zaman və məkan baxımından fərqləndiyini vurğulayıb: “Növbədənkənar keçirilən seçkilərin özünəməxsus səbəbləri var. Belə ki, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilmiş bütün suveren ərazilərində seçkilər keçirilir. Azərbaycan parlaq qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib. Müstəqillik əldə etdiyimiz 32 ildə ilk dəfə olaraq, dünya birliyi tərəfindən tanınan suveren ərazilərimizdə bu seçkilər keçirilir. Bu, indiyədək keçirilmiş prezident seçkilərindən fərqli, Azərbaycan tarixinin şərəfli səhifəsini təşkil edəcək bir seçkidir. Xalqımız öz sözünü deyərək prezidentliyə ən layiqli namizədə səsini verir. Azərbaycan xalqının bu seçimi həlledici olacaq”.