Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 16:02:28
BMU-da qış imtahan sessiyası başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində cari tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

 

AzEdu.az xəbər verir ki, universitetdə təhsilin hər iki pilləsi üzrə əyani formada təşkil olunan imtahan sessiyası 29.12.2023 tarixdən 01.02.2024-cü il tarixinə qədər davam edib və bu müddət ərzində ümumilikdə 1437 imtahan keçirilib.

 

Sessiyanın müvafiq əsasnamə və təlimatlara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə hərtərəfli şəraitin yaradılması ilə yanaşı, BMU-da ilk dəfə tələbələrin mənafeyinə istiqamətlənən bir sıra yeniliklər də tətbiq olunub. Bu yeniliklər və atılan bütün zəruri addımlar, o cümlədən bu yanaşmalardan biri kimi tələbələrə imtahan mövzuları ilə bərabər sualların əvvəlcədən təqdim olunması sessiyanın müvəffəqiyyətlə tamamlanmasına öz müsbət təsirini göstərib. Universitetin bütün fakültələri üzrə müsbət dinamika qeydə alınıb və əvvəlki illərlə müqayisədə Apelyasiya Komissiyasına edilən müraciətlərin sayında da azalma müşahidə olunub.

 

Sessiya müddətində Apellyasiya Komissiyasına universitetin 4 fakültəsi (Memarlıq və inşaat, Mühəndislik, Pedaqoji, İqtisadiyyat və idarəetmə) üzrə cəmi 290 müraciət daxil olub. Komissiyada aparılan operativ və obyektiv araşdırmaların nəticələrinə görə, həmin müraciətlərin böyük əksəriyyəti (247 müraciət) tələbələrin xeyrinə həll olunub. 43 müraciət isə əsassız olması səbəbindən dəyişməz saxlanılıb.

 

Bütövlükdə tələbələrin biliyinin qiymətləndirilməsində ədalət, şəffaflıq, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanmaqla, yüksək fəallıq şəraitində baş tutan imtahan sessiyası uğurla nəticələnib.