Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-01 11:45:44
Hamı övlad sahibi ola bilər, amma valideyn ola bilməz

"Üç illik müəllimlik fəaliyyətimdə öyrəndiyim başlıca anlayışlardan biri də hamının övlad sahibi ola bilməsi, lakin hər adamın valideyn olmamasıdır".

 

Bu sözləri AzEdu.az-a açıqlama verən İmişli rayonu, Vətən Novruzov adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlkanə Məmmədova qeyd edib.

 

Müəllim övlad yetişdirərkən edilən başlıca səhvlər haqqında danışıb:


"Daima uşağı başqaları ilə müqayisə edərək motivasiya etmək düzgün deyil. Bəlkə, sənin övladının potensialı müqayisə etdiyin şəxslərdən daha yüksək olacaq, niyə onu başqalarının “sürətinə” ayaqlaşmağa məcbur edirsən? Övladla maraqlanmağın sadəcə məktəbə gəlib müəllimlə danışmaqdan ibarətdir.  Nəzərə alsaq ki, uşaq gününün 5-6 saatını məktəbdə qalan hissəsini isə evdə keçirir. Övladınıza qadağa etdiklərinizin özünüz tərəfindən təkrar edilməsinə diqqət edin. Yalan danışma (övlada verilən vəd yerinə yetirilmədi), başqalarının işinə qarışma ( filankəsi filan cür oldu…), telefonla zaman keçirmə (özü bütün günü tiktok videoları layk edir), kitab oxu (ömründə bir bədii əsər oxumayıb) və s kimi hallara valideynlər diqqət etməlidir".

 

Həmsöhbətimiz söyləyib ki, hazırlıqda hər ilin materialı bir sinif artırmaqla təkrar olunur:

 

"V sinifdən etibarən orta məktəb fənlərindən şagirdlər hazırlığa yollanır. Bir müəllim olaraq deyə bilərəm ki, hazırlıqda hər ilin materialı bir sinif artırmaqla təkrar olunur. Bizim tədris etdiyimizdən əlavə heç nə yoxdur, əksini deyən biznesinin dərdindədir. Ən tez IX sinifdən başlamaqla şagird istədiyi nəticəni artıqlaması ilə əldə edə bilər.


Və ən əsası övladlarınızın sosial-mədəni həyatını tək məktəblə məhdudlaşdırmayın. Şahmat, idman, musiqi dərslərinə yollayın. İmkanınız varsa, yay tətillərində düşərgələrə yollayın, yoxdursa, bu mühiti özünüz də yarada bilərsiniz. Övladlarınızı öz çərçivələrinizlə məhdudlaşdırmayın. Sizin onlara təklif etdiyiniz həyatdan başqa həyatları kəşf etmələrinə icazə verin",  deyə fikrini tamamlayıb.