Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-31 07:00:00
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür.

 

AzEdu.az xəbər verir ki, Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-tatar məktəbində və Bakı Texniki Məktəbində alıb.

 

M.Ə.Rəsulzadə xalqın maariflənməsi, bilgilənməsi, azad şəkildə fikirlərini ifadə etməkləri, öz ana dillərini qoruyub-saxlamaqları naminə müxtəlif qəzet və jurnallarla xalqa çıxış etmişdir.

 

O, xüsusən cəmiyyətin maariflənməsi üçün “Müsəlman Gənclik Təşkilatı" yaradaraq, orada mətbəə üsulu ilə intibahnamələr çap edib, əhali arasında yayırdı. O, "Şərqi-Rus", "Hümmət", "Təkamül" və.s qəzetlərdəki yazılarında söz, mətbuat, vicdan, azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, millətlərə, tayfalara, siniflərə, insanlara hüquq bərabərliyi və azadlıq tələb edirdi. 

 

Rəsulzadənin "insanlara hürriyyət, millətlərə istiqlal!" çağırışı da məhz bu yazılar əsasında formalaşmışdır. 

 

O, “Yeni İran” (1910-1911), ”Türk yurdu”, “Açıq söz” (1915) və b. Qəzet və jurnallarda insanlara çağırışlar etmiş, onları azad, hür yaşamağa səsləmişdir. 

 

Qeyd edək ki, M.Ə.Rəsulzadənin təhsilin, tədrisin önəminə böyük dəyər verməsi Azərbaycanda ilk universitetin- Bakı Dövlət Universitetinin (BDU) yaradılması ilə bağlı fikirlərində öz əksini tapır. Rəsulzadə universitetin açılması üçün bütün manelərin qaldırılmasını təklif edirdi. 

 

O, kadrların azlığına görə universitetin açılmasını yersiz hesab edənlərə səslənirdi. 

Qeyd edirdi ki, universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır: “Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin, bu, başqa dildə də olsa, universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər". 

 

Bildirək ki, M.Ə.Rəsulzadə BDU fəaliyyətə başladıqdan sonra Tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs deyib.