Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-27 15:02:00
IV Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu...

Fevralın 10-da ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında IV Azərbaycan Astronomiya Olimpiadasının ilk mərhələsi keçiriləcək.

 

Bakı Dövlət Universitetindən (BDU) AzEdu.az-a bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlərin astronomiya sahəsinə marağının artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

 

Olimpiadanın təşkilatçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu, BDU, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər Bakı Dövlət Universitetində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər mükafatlandırılacaq və bu il avqustun 15-dən 25-dək Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

 

Olimpiadaya hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə, “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyi məktəblilər üçün teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.

 

Qaliblər Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə iştirak edirlər.

 

IV Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

 

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

 

https://www.oxuyan.az/@aao

 

Qeydiyyat fevralın 9-u saat 23:59-a qədər davam edəcək.

 

Olimpiada fevralın 10-u saat 11:00-da www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.