Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-13 13:20:00
Gənc müəllimlər üçün forum keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Milli təhsilimizin gələcəyi, gənc müəllim – fəal vətəndaş” mövzusunda forum keçirilib.

 

AzEdu.az xəbər verir ki, 600 müəllimin iştirak etdiyi forum Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

 

Açılış nitqi ilə çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.Gənc müəllimlərin forumu çərçivəsində şəhid Valeh Bədəlovun anası, ibtidai sinif müəllimi Südabə Qazıyeva, ADA məktəbinin müəllimi, AGMA-nın İdarə Heyətinin üzvü Səkinə Həsənova, teleaparıcı Jalə Həsənli, İrəli İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, təhsil eksperti Günel Səfərova müxtəlif mövzular ətrafında fikirlərini bölüşüblər.

 

Çıxışlardan sonra müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.Daha sonra Vətən müharibəsi iştirakçısı, gənc müəllim İdris Abıyev tərəfindən bəyanat səsləndirilib. Bəyanatda gənc müəllimlərin milli təhsilimizin inkişafına böyük töhfələr vermiş, müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi və dünya birliyində layiqli yer tutmasını təmin etmiş ölkə başçısı cənab İlham Əliyevin siyasi kursunu dəstəklədikləri vurğulanıb.

 

Qeyd edək ki, gənc müəllimlərin forumunun keçirilməsində məqsəd Azərbaycanın təhsil siyasətinin gələcək hədəfləri ilə bağlı təhsilverənləri maarifləndirmək, onlar arasında əməkdaşlığı gücləndirmək, həmçinin təhsildə ictimai dəstək və iştirakçılığı artırmaqdır.