Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-29 11:33:48
Azərbaycanın folklorşünas alimi özbək tələbələrə ustad dərsi keçib

AMEA-nın Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru professor Dilnoza Xocayevanın dəvəti ilə həmin institutun Filologiya fakültəsində ustad dərsi keçib.

 

Bu barədə AzEdu.az-a AMEA-dan bildirilib. Aynur İbrahimovanın fakültənin 1-3-cü kurslarında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan-Özbəkistan mədəni əlaqələri”, “Azərbaycan folkloru və türk arealı”, “Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları”, “Folklor və tarix”, “Qədim türk dastan və eposları”, “Özbək və Azərbaycan folklor tədqiqatçıları”, “Folklor və yazılı ədəbiyyat əlaqələri” mövzularında mühazirələri auditoriya tərəfindən maraqla qarşılanıb. O, həmçinin Filologiya fakültəsinin dekanı dosent Barno Həsənova, Özbək dili və ədəbiyyatı kafedrasının müdiri dosent Barnoxan Abdulrəhmanova və institutun müəllim heyəti ilə görüşüb, Azərbaycan-özbək ədəbi əlaqələri, müasir folklorşünaslığın aktual problemləri ətrafında söhbətlər aparıb. Folklorşünas alim dərslərdə aktiv iştirak edən və yüksək nəticələr göstərən tələbələrə sertifikatların təqdim olunma mərasimində də iştirak edib.

 

Səfərin sonunda Aynur İbrahimova Kokand Dövlət Pedaqoji İnstitutunun beynəlxalq əməkdaşlıq üzrə prorektoru Nigora Kadırova və institutun idarə heyəti ilə görüşüb. Görüşdə Özbəkistan-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən, hər iki ölkə arasında elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Folklor İnstitutu ilə Kokand Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb və gələcək elmi-mədəni əlaqələrin daha intensiv olacağı vurğulanıb.

 

Aynur İbrahimova Kokand Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində keçdiyi səmərəli dərslərə görə rektor Dilnoza Xocayeva tərəfindən təşəkkürnamə ilə təltif olunub.