Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 16:36:39
Bakı Mühəndislik Universitetində Karyera sərgisi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının birgə təşkilatçılığı ilə Karyera sərgisi keçirilib. 

 

AzEdu.az xəbər verir ki, sərgi ilə tanış olan BMU-nun rektoru tələbələr və məzunlar üçün iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq imkanı yaradan sərginin əhəmiyyətini vurğulayıb. Tələbələrin biznes ideyalarının dəstəklənməsi, məzunların işlə təminatı baxımından ali təhsil ocaqları ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini önə çəkən rektor sərgidə 50-dən çox dövlət və özəl müəssisələrinin ümumilikdə 1000-ə yaxın aktiv vakansiya və təcrübə proqramlarını elan etdiklərini bildirib.

 

Tələbə və məzunları bu imkanlardan yararlanmağa çağıran Yaqub Piriyev BMU-da Müəssisələrlə əlaqələr və karyera departamentinin fəaliyyət göstərdiyini də fikirlərinə əlavə edərək, məzunların işlə təminatı üçün görülən işləri və həyata keçiriləcək yenilikləri diqqətə çatdırıb.

 

Sərgidə nümayiş olunan bütün stendlərə baxış keçirən rektor şirkətlərin nümayəndələri, tələbələrlə söhbət edib, tədqim olunan vakansiaylar, təcrübə proqramları ilə yaxından maraqlanıb.

 

2000-ə yaxın şəxsin iştirak etdiyi sərginin gedişində tələbə və məzunlar şirkətlərlə ünsiyyət qurub, uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

 

Qeyd edək ki, sərgidə BP, SOCAR, Dövlət Məşğulluq Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Kapital Bank, PAŞA Bank, Beynəlxalq Bank,  Bank of Baku, Yelo Bank, Bank Respublika, “Veysəloğlu” MMC, Bakı Metropoliteni, Aqrar Sığorta Fondu, Xəzər Dəniz Gəmiçiliyi, “Azərsun Holdinq” MMC, Sumqayıt Texnologiyalar Parkı, SOCAR Polymer, “Araz Supermarket”, Azərtexnolayn, “Azerbaijan Coca-Cola Bottlers” MMC, İnci Şirkətlər Qrupu və  digər nüfuzlu şirkətlər iştirak ediblər.