Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 11:07:14
Xankəndidə peşə təhsili müəssisəsi YARADILIR

"Qarabağ Universitetinin tərkibində peşə təhsili müəssisəsinin də yaradılması nəzərdə tutulur".

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı məlumat verib.

 

Nazir qeyd edib ki, bununla bağlı müvafiq qurumlarla razılaşmalar aparılır:

 

"Ümumilikdə azad olunan torpaqlarda peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır".

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.

 

Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.


 
Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.