Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 16:49:40
Rektor birinci kurs tələbələri ilə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə prorektorlar, fakültə rəhbərliyi və tələbə təşkilatlarının nümayəndələri də iştirak ediblər.

 

Fakültənin dekan əvəzi Turan Aslanova çıxış edərək birinci kurs tələbələri ilə keçirilən görüş üçün rektora təşəkkürünü bildirib. 

 

Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim nailiyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir.

 

Qloballaşan dünyada iqtisadiyyatın şaxələnməsi və bu istiqamətdə kadrlara yaranan tələbatın getdikcə daha da yüksələcəyinə diqqət çəkən rektor tələbələri təhsildə böyük nailiyyətlər qazanmağa, ixtisaslı kadrlar olaraq ölkəmizin inkişafına töhfə verməyə çağırıb. 

 

Professor Gülçöhrə Məmmədova tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə səsləyib, tələbə təşkilatları sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib.

 

Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub.

 

Sonra AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.

 

Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.