Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 14:09:00
Sağlamlıq imkanları məhdud olan  müəllimlərə mütləq bu güzəştlər olunmalıdır - RƏSMİ

Əlillərin əmək hüquqlarının qorunması, bu təbəqədən olan insanların məşğulluq və işlə təminatının təşkili, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi həmişə aktual məsələlərdən olub.

Bu səbəbdən, əlillərin əmək hüquqlarının qorunması həm milli, həm də beynəlxalq qanunvericilikdə xüsusilə əhəmiyyət kəsb edir.

Bəs, sağlamlıq imkanları məhdud olan  müəllimlərə hansı güzəştlər nəzərdə tutulur?

Məsələ ilə bağlı Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab verib:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində, müharibə əlillərinin isə 400 manat məbləğində azaldılır”.

Yəni I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin aylıq gəliri 200 manat məbləğindədirsə, bundan vergi tutulmur. O cümlədən, müharibə əlillərinin aylıq gəliri 400 manatdırsa, bu zaman yenə də  eyni proses yaşanır. Lakin aylıq gəliri  qeyd edilən məbləğdən artıqdırsa, vergi tutulur.

Qeyd edək ki, əlilliyi olan müəllimlərlə bağlı başqa güzəştlər də tətbiq edilir:

Güzəştli iş saatı

1-ci və 2-ci qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud olan 18 yaşadək işçilər üçün həftəlik 36 saatdan çox olmayan iş saatı müəyyən müəyyən olunub.

İkiqat uzun məzuniyyət

Əlillik qrupundan  asılı olmayaraq hər birinə və 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlara Əmək məcəlləsinə əsasən nəzərdə tutulmuş məzuniyyətin 2 mislindən az olmayaraq məzuniyyət verilir.

İxtisarlardan qorunmaq

Əgər müəssisə və yaxud idarələrdə işçilərin sayı ixtisar edilərsə, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisələrdə peşə fəaliyyəti nəticəsində əlillik almış və 18 yaşadək sağlamlığından məhrum olmuş işçilərin işdə saxlanmaq üçün üstün hüquqları vardır. Həmçinin, həmin şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.