Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 10:41:05
Zal nəzarətçisi sertifikatı üzrə test imtahanı davam edir

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyatdan keçmiş 3887 namizəddən bu günə kimi 2577 nəfər müsahibə vaxtını seçib, 2007 nəfər müsahibədə iştirak edib və onlardan 1770 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsahibədən məqbul alan namizədlərin ümumi intellekt səviyyəsinin yoxlanması üçün test imtahanına qeydiyyatı və imtahanlarda iştirakları davam edir.

 

AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində uğur qazanan namizədlərdən 831 nəfər ümumi intellekt səviyyəsinin yoxlanması imtahanına qeydiyyatdan keçib, həmin namizədlərdən artıq 794 nəfər imtahanda iştirak edib və onlardan 744 nəfər uğurlu nəticə əldə edib. Ümumi intellekt səviyyəsinin yoxlanması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatları müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə imkan verir.

 

Ümumi intellekt səviyyəsinin yoxlanması üçün imtahanda minimum 40% nəticə göstərən namizədlərə birinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir.

 

Qeyd edək ki, ümumi intellekt səviyyəsinin yoxlanması imtahanında məqbul nəticə əldə edən namizədlərdən 360 nəfər birinci təlim üçün qeydiyyatdan keçib.

 

Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir.

 

Birinci təlimdə iştirak edən namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

 

Müsahibələr və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına elektron poçt göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

 

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları  ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.