Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 15:49:00
Universitetlərdə kompüter təminatı - ADNSU-da vəziyyət necədir?

Hazırkı dövrümüzdə rəqəmsallıq bütün fəaliyyət sahələrinə yayıldığı üçün hər bir sahə üzrə sözügedən texniki təchizat lazımi qədər təmin olunmalıdır. Fəaliyyət sahəsi üzrə kompüterlərin istifadəsi məsələsi artıq ən əhəmiyyətli ehtiyaca çevrilib.

 

Bunun üçün də tədrisin demək olar ki, bütün mərhələlərində gənclərə kompüter biliklərinin aşılanması, onlarda istifadə bacarıqlarının təkmilləşdirilməsi zəruridir. Bu baxımdan ali təhsil müəssisələri kompüter təchizatı ilə maksimum dərəcədə təmin olunmalıdır. 

 

Bununla bağlı ətraflı məlumat almaq üçün Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin mətbuat katiblərinə sorğu ünvanladıq.

 

AzEdu.az-ın sorğusuna cavab verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin KİV və sosial media ilə iş sektorunun müdiri Elnur Hadıyevin məlumatına görə ADNSU-da tədris ehtiyaclarını tam ödəyən, istifadəçilər üçün rahat, ölçü və qiymətləndirmə imkanlarına malik olan elektron təhsil sistemi (LMS) mövcuddur:

 

“Auditoriyalar müasir təlim prosesini aparmaq üçün veb-distant auditoriya formatında qurulmuş və lazımi texnika ilə (Proyektor, kompüter, kameralar və s.) təchiz olunub.

 

 

Mətbuat katibi bildirib ki, universitetin 19 kompüter laboratoriyası var:

 

“Hazırda universitetdə tələbələrin informasiya texnologiyaları üzrə hazırlığını təmin etmək, ümumi profilli və ixtisaslaşdırılmış proqram təminatları ilə işləmək, sadə analizləri etmək bacarıqlarını formalaşdırmaq məqsədilə internetə qoşulmuş kompüterlər və 19 kompüter laboratoriyası var”.

 

Onu qeyd edək ki, universitetdə istifadə olunan 1955 kompüterdən 1834-ü internetə qoşulub. Universitetdə 229 mühazirə və məşğələ, 70 tədris laboratoriyaları olmaqla cəmi 259 auditoriya mövcuddur. Elmi-tədqiqat laboratoriyalarının sayı isə 45-dir.