Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 11:23:00
“İlin Gənc Müəllimi” aparıcıları ağlatdı - Leyla Qarazadə “Söhbətgah”da

Yəqin ki, AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi “İlin Gənc Müəllimi” müsabiqəsi oxucuların xatirindədir.

 

Bu müsabiqə nəticəsində öz fəaliyyəti ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək verən, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

 

Onlardan biri də Lənkəranın Jidi kəndində yerləşən tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Qarazadədir. Ucqar dağ kəndində çalışan Leyla müəllim xoş münasibəti, mehriban, qayğılı və əyləncəli olması ilə şagirdlərinin sevgisini qazanmağı bacarmış müəllimlərdəndir. İstər sosial şəbəkələrdə şagirdləri ilə olan maraqlı videolarda, istərsə ictimai tədbirlərdə, istərsə də mükafatlandırma tədbirlərində çox sıx qarşılaşdığımız uğurlu, gənc müəllimimiz hər kəsin diqqətini çəkib.

 

Leyla Qarazadə elə bu yaxınlarda maraqlı qonaqları və aparıcıları ilə verilişlər təşkil edən “Söhbətgah” adlı podkast yayımına qonaq olub. Səmimi söhbətləri ilə aparıcıların marağını cəlb edən gənc müəllim bir şagirdi ilə yaşadığı hadisəni bölüşüb:

 

“Kənddəki vəziyyətlə bağlı oradakı müəllimlərlə və rəfiqəmlə danışırdım. Çətinliklərdən söhbət edirdik. Kənddə ərzaq satılan yerlər yox idi. Ərzaq almaq üçün şəhərə getməli olurduq. Bu problemlərdən danışarkən Samir adlı bir şagirdim eşitdi və gedib mənə 3 yumurta gətirdi. Yumurtanı verəndə “Müəllim bunu yeyin və bizi tərk etməyin” demişdi. Çünki o kəndə kim təyin olunurdusa, ya yol, ya ərzaq problemindən, ya da şəraitsizlikdən geri qayıdırdı. Bir müddət çalışıb gedənlər də var idi. Həmin şagirdimin o hərəkəti mənə “əl uzatdı”. Bir növ “biz buradayıq və sənə ehtiyacımız var” dedi”.

 

Gənc müəllimimizin bu təsirli hekayəsi “Söhbətgah” aparıcıları olan Dj Tural və Əli Xəyyamı duyğulandırıb. Elə özü də danışarkən təsirlənərək bir neçə dəqiqə söhbətinə ara verir.