Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-02 11:36:39
Sertifikatlaşdırma imtahanının nəticələri açıqlanıb
Sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərildi. 
 
 
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. 
 
 
31 avqust tarixində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarında 2 154 müəllim iştirak edib.
 
Qeyd edək ki, 31 avqust tarixində təşkil olunan sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.
 
Nəzərinizə çatdırırıq ki, müəllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaqdır.