Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 11:21:38
BMU-da proqramlaşdırma müsabiqəsinin finalı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) ölkədə informasiya texnologiyaları (İT) sahəsinin inkişafına dəstək verilməsi, bu istiqamət üzrə təhsil alan gənclərin, eləcə də İT sahəsində fəaliyyət göstərən peşəkar kadrların potensialının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunan “PAŞA Bank Kuboku V” (“PASHA Bank Cup V”) proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən müsabiqə bu dəfə əməkdar müəllim Ramin Mahmudzadənin xatirəsinə həsr olunub. Müsabiqədə müxtəlif yaş qruplarına aid iştirakçılar, o cümlədən məktəblilər, tələbələr və peşəkar proqramçılar qoşularaq proqramlaşdırma və alqoritmik biliklərini sınayıblar.

 

Beş mərhələdən ibarət olan müsabiqənin ilk dörd mərhələsi (I mərhələ: verilənlər strukturları; II mərhələ: axtarış və çeşidləmə; III mərhələ: “tamahkar” alqoritmlər, dinamik proqramlaşdırma; IV mərhələ: qraflar nəzəriyyəsi mövzularında) onlayn keçirilib.

 

İlk dörd mərhələdə yüksək nəticələr göstərmiş 46 iştirakçı finala vəsiqə qazanıb və müsabiqənin final mərhələsində 12 şagird, 9 tələbə, İT sahəsi üzrə 6 peşəkar və 10 PAŞA Bank əməkdaşı iştirak edib.

 

Final turunda iştirakçılara 4 saat ərzində 6 alqoritmik məsələnin proqramını tərtib etmək və “HackerRank” platformasında sınaqdan kecirmək tapşırığı verilib.

 

Müsabiqənin nəticələrinə görə 4 kateqoriya (şagird, tələbə, peşəkar və PAŞA Bank əməkdaşları) üzrə qaliblər müəyyənləşdirilib.

 

Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara PAŞA Bank tərəfindən qiymətli hədiyyələr təqdim olunub.