Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 17:36:18
İnklüziv siniflərlə bağlı layihənin üçüncü mərhələsi...

Təhsil İnstitutu Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin üçüncü mərhələsinin icrasına başlayıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, 2023-2024-cü tədris ilində yeni 16 ümumi təhsil müəssisəsinin cəlb olunması ilə layihə ümumilikdə 13 regionun 38 məktəbini əhatə edir. Layihənin əsas məqsədi inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.

 

Layihə çərçivəsində müvafiq yerli təhsili idarəetmə orqanlarının və məktəblərin rəhbərliyi ilkin təlimat xarakterli görüş keçirib. Görüşdə cari vəziyyət, yaşanılan çətinliklər, onları aradan qaldırmaq yolları və bu istiqamətdə psixoloji-tibbi-pedaqoji komissiyalarının fəaliyyətinin təşkili haqqında müzakirələr aparılıb. Əlavə olaraq, müvafiq idarəetmə orqanlarının nümayəndələri inklüziv təhsilin təşkili sahəsində öz təcrübələrini də bölüşüb.

 

Bundan başqa, məktəb rəhbərləri ilə keçirilən görüşlər zamanı iştirakçılara UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova və Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva tərəfindən layihənin mahiyyəti və əhəmiyyəti, valideyn, direktor, müəllim, korreksiyaedici pedaqoq və psixoloqlar daxil olmaqla müxtəlif qrupların bu sahədəki rolu, məktəb icmalarında maraqlı tərəflər arasında əməkdaşlığın təşkili haqqında məlumat verilib, uğurlu inklüziv təhsilin əsas kriteriyalarından olan sinif rəhbərlərinin seçimi zamanı diqqət yetirilməli vacib məqamlar qeyd edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Layihə çərçivəsində təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.