Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 12:34:02
“Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasına start verilir

Müdafiə Nazirliyinin təşkilatçılığı, “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasına yenidən start verilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib.

 

Bu dəfəki aksiya çərçivəsində elmi, bədii, publististik və digər janrlarda kitablar toplanacaq. Sonda həmin nəşrlər işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verilməklə bütün hərbi qulluqçulara çatdırılacaq.

 

Təşkilat bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır. Kitab hədiyyə etmək istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinə yaxınlaşaraq kitablarını təqdim edə bilərlər.

 

Qeyd edək ki, “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyası artıq ikinci dəfədir həyata keçirilir. Aksiyanın əsas məqsədi əsgərlərin asudə vaxtının səmərəli təşkilinə töhfələr vermək, eləcə də, gənclər arasında mütaliəyə marağın artırılmasıdır. Ötən il keçirilən kitab toplama aksiyasında “İRƏLİ” İctimai Birliyi tərəfindən 12 mindən çox kitab toplanaraq Müdafiə Nazirliyinə təqdim edilib.