Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-06 15:25:00
"Təhsil mövzusunda çəkilən filmlərə ehtiyac var" - Ekspertlər danışdı

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın 1.2-ci bəndində  “uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı, bədii və tərbiyəvi əhəmiyyətli filmlərin nümayişinin genişləndirilməsi” qeyd olunub.

Lakin Azərbaycanda bu tipli filmlərə rast gəlmirik. Xüsusilə hazırda məktəb,  universitet həyatından bəhs edən kinolar  demək olar ki, çəkilmir.

Maraqlıdır, niyə təhsil mövzulu, tərbiyəvi əhəmiyyətli filmlərə maraq azdır?

Kinoşünas Sevda Sultanova AzEdu.az-a açıqlamasında təhsil mövzulu filmlərin önəmli olduğunu deyib:

“Hazırda tələbə həyatından bəhs edən “İmtahan” serialı var. Mən ona baxmadığım üçün keyfiyyəti haqqında heç nə deyə bilmərəm. Amma davamlı olduğuna görə, belə başa düşürəm ki, seriala baxılır. Orda Hikmət Rəhimov, Əli Əlizadə və bu kimi gözəl aktyorlar çıxış edir.

Azərbaycan müstəqil olandan və kinoya yaxşı maliyyə ayrılandan, konkret bədii film sahəsində, təsəvvür edin, cəmi bir film çəkilib. Bu da Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmidir. Həmin film 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət almışdı. Məktəblilərin həyatından bəhs edən film deyim ki, yaxşıdır. Düzdür, qüsurları, müəyyən pafos var. Buna baxmayaraq,  ortada uşaqlarla ciddi iş mövcuddur, mövzu  çox gözəldir”.

S.Sultanova maarifləndirici filmlərin cəmiyyət üçün faydalı olduğunu bildirib:

“Ümumiyyətlə bütün mövzularla bağlı filmlər önəmlidir, o cümlədən təhsil. Təhsillə əlaqəli filmlər o demək deyil ki, filmdə bu sahənin prioritetləri  əks olunmalıdır. Filmlər daha çox tərbiyəvi, mənəvi baxımdan əhəmiyyət kəsb etməlidir. Məsələn, Rejissor Asif Rüstəmovun narkotik istifadəçisi olan yeniyetmələrlə bağlı filmi var idi. Bu film maarifləndirici xarakter daşıyırdı və yadımdadır ki,  uzun müddət gündəmdə oldu, gözəl film idi. Düşünürəm ki, bu tipli filmlərin çəkilməsi  cəmiyyət üçün də faydalı olardı”.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun fikrincə, Azərbaycanın ssenarist, rejissor potensialı daha çox müəllif  və o cümlədən komediya filmlərinin çəkilməsində maraqlıdır:

“Bilirsiniz, tələbələrə aid  “İmtahan” adlı serial çəkilib və davam edir. Bu gün ölkədə gənclərə bədii informasiyaların verilməsində  təhsil, məktəb, universitet həyatını əhatə edən mövzulara çox ehtiyac var. Bizə belə mövzular təqdim olunarsa, məmnuniyyətlə film çəkərik. Belə mövzulu filmlərin istehsalı üçün həm də tələbat olmalıdır. Hazırda Azərbaycan kinosunun əsas problemlərindən biri bazarın kiçik olmasıdır.

Janrından, üslubundan, dövründən asılı olmayaraq, cəmiyyət  hər bir yaxşı sənət əsərinə ehtiyac duyur. Burda söhbət təkcə təhsil mövzusundan getmir. Bizə bütün mövzularda filmlər lazımdır - uşaqlar, gənclər, tələbələr, məktəblilər və başqaları üçün”.