Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 16:25:00
“51 il müəllim işlədiyim məkanlarda bu gün heç yada da düşmürəm” – Təqaüddə olan tanınmış yazıçı

Allahverdi Eminov:  “Təqaüdə çıxan müəllimin qəbirə elə bir addımı qalır”

AzEdu.az Beynəlxalq Müəllimlər Günündə ömrünü təhsilə həsr edən, hazırda təqaüdə çıxıb gözlərdən iraq düşən müəllimləri də unutmur.

“Müəllimin təqaüdə göndərilməsini “ikinci ölüm” adlandırıram. Müəllimi yola saldılarsa, tamam unudacaqlar. Elə bil ki, heç bu adam 40-50 il olmayıb”.

Bu sözləri AzEdu.az-a 50 ilin müəllimi, pedaqoq, tanınmış yazıçı Allahverdi Eminov deyib. O, “Müəllimlər günü”nün mahiyyətindən danışarkən bu peşə sahiblərinə olan diqqətsizlikdən söz açıb:

“Belə “Müəllim günü” olar?!”

“Bu günün qeyd olunması yaxşı haldır, amma  lazımi səviyyədə olarsa! Bu,  müəllimə heç bir şey vermir. İstərdim ki, “Müəllimlər Günü” ilə əlaqədar onlara müəyyən güzəştlər verilsin.

Yalnız kimsə rəhmətə gedəndən sonra şəkilini harasa qoyub, başsağlığını bildirirlər. Belə “Müəllim günü” olar?! Heç görün, canlanma var? Bu, bizdə ötəri qeyd olunur. Ümumiyyətlə, bu gün  müəllimin nüfuzu yoxdur. Başda elə özüm olmaqla!”

“İkinci ölüm”-Təhsil sistemimizin ən böyük faciəsi

Müəllim yalnız illər əvvəl dərs dediyi tələbələrinin onu yad etdiklərini bildirib:

“Lerikdə, Naxçıvanda - uzaq ərazilərdə yaşayan tələbələrim var. Sağ olsunlar, həmişə məni yad ediblər. Elə bu səhər Lerikdən bir tələbəm məni təbrik etdi. Mənim Milli qəhrəman olan tələbəm var...

Müəllimi təqaüdə göndərilməsini “ikinci ölüm” adlandırıram. Müəllimi yola saldılarsa, tamam unudacaqlar. Elə bil ki, heç bu adam 40-50 il olmayıb, dərs deməyib. Bu, təhsil sistemimizin ən böyük faciəsidir.

Mənim bir tələbəm vardı. Onu ali məktəbə ilk dəfə mən apardım. Həm orta, həm də ali məktəbdə ona dərs dedim. O özü də dərs deyib, müəllimdir, kafedra müdiri olub. Vəfat edəndə onun üçün heç başsağlığı da vermədilər. Yada düşmədi! Təsəvvür edirsiniz bu necə dəhşətdir?!”

“51 il işlədiyim məkanda yada düşmürəm”

Müəllim şahidi olduğu qədirsizlikdən söz açıb:

“Mən özüm iki ildir, təqaüdə çıxmışam. Zarafat deyil, 30 il ali məktəbdə dərs demişəm. Təsəvvür edin ki, məni xatırlayan yoxdur. Məhsuldar alim, 43 monoqrafiya, dərslik, kitab, 6 roman müəllifiyəm. Amma yada düşmürəm. Bir deyən də yoxdur ki, “ay müəllim, sən niyə işsiz qalmısan, gəl bizə kömək et”. Məni qəzet işçiləri çağırıb işə dəvət edir, amma 51 il işlədiyim məkanda yada düşmürəm.

Azərbaycanda ki, müəllim təqaüdə çıxdı, onun qəbirə bir addımı qalır. Bu, ikinci ölümdür, vəssəlam!”

Müəllimləri heç məsləhətə də çağırmırlar. Yeni müəllimləri salırlar sinfə. Təqaüdçüləri çağırsınlar, onları öyrətsin. Bir demirlər ki, bu, əməkdar müəllimdir, 50 il işləyib.

Gənc müəllimlərə demək istəyirəm ki, sizi də təqaüdə çıxaracaqlar, vicdanla işləyin. Amma ruhdan düşməyin. Gözləməyin ki, 10 il sonra təqaüdə çıxacağam. Zaman dəyişir. Sabah təhsilə pedaqogikanı həqiqətən sevənlər gələcəklər”.

“Axı, təhsil çox şey itirir....”

“Təhsil sistemimiz bununla çox şey itirir. Məsələn, mənim təqaüdə çıxmağımla təhsil çox şey itirdi. Mən ali məktəbdə dərs deyir, tələbələrə yaşam tərzi, ünsiyyəti öyrədirdim. Onlar ancaq oxumayıblar. Mən tələbələrimə həyatı öyrətmişəm. Onlar heç vaxt məndən əl çəkmirdilər. Auditoriyada mühazirə oxumaq hələ ki, pedaqoq olmaq demək deyil. Niyə axı mən gedib publisist yazılar, ədəbiyyatda monoqrafiyalar yazmalıyam? Axı, təhsil çox şey itirir...

Sonda fikrimi bu cümlə ilə yekunlaşdırım: Bugünkü  hava ilə “Müəllim günü” elə eyni rəngdədirlər...”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları