Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 15:00:49
Elm və Təhsil Nazirliyindən şəhid ailələrilə bağlı AÇIQLAMA

“Məlumat üçün bildiririk ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsinin üzvləri hesab olunur.


Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.


Qeyd edilib ki, sözügedən Qanunun 3-cü maddəsinin 10-cu abzasına əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailəsinin üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar.

“Eləcə də, Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişdə Qaydaları”nın 3-cü hissəsinə əsasən, Nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi müsabiqə yolu ilə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqə ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlər üzrə aparılır. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinə digər rayon və şəhərlərdən şəhid ailəsinin üzvü olan müəllimlərin iş yerinin dəyişdirilməsi yerdəyişmə ilə bağlı MİQ imtahanında iştirak etmədən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır. Vakansiyalara yerləşdirilmə zamanı namizədlərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı daha yüksək bal əsas götürülür. Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır”, - deyə nazirlik bildirib.