Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 14:40:00
Dərsi mükəmməl danışsa da, qiyməti kəsilmədən “3” alan  Qulu Məhərrəmli – “Parta etirafları”

Məktəb illəri  hər kəsin həyatında ən yaddaqalan  dövrdür. Bu mərhələ  insana  uşaqlıq, gənclik   illərini xatırladan  unudulmaz xatirələr bankıdır...

 AzEdu.az-ın “Parta etirafları” rubrikasının budəfəki qonağı   tanınmış telejurnalist, media eksperti, professor Qulu Məhərrəmlidir.

 Məktəbi xoş və işıqlı xatirələrlə yada saldığını deyən Q. Məhərrəmli  o illərin onun üçün çox əziz olduğunu bildirib:

 “Məktəb illəri elə dövrdür ki,  insan üçün ən parlaq xatirələr  məhz  çağlara təsadüf edir. Orta məktəbi Şuşadakı  internat  məktəbində oxumuşam, indi oralar və o illər üçün elə darıxıram ki...

Çox  aktiv, yaxşı oxuyan şagird olmuşam. Şagird ikən tənbeh və  təşəkkür aldığımız zamanlarımız   da  olub. Məktəb illərində  bizə dərs deyən    Azərbaycan dili və ədəbiyyat müəllimimiz    çox  güclü, savadlı biri idi. Xüsusilə, o, bizim yaxşı oxumağımıza çox təsir göstərib. Onun sayəsində Azərbaycan dili və Ədəbiyyat  fənlərini daha çox sevmişəm.  Bu müəllimimiz  çox savadlı olduğu kimi də, həm də Şuşada çox məşhur adamıydı.   

Amma təkcə onun keçdiyi fənləri yox,  Riyaziyyat, Coğrafiyanı da çox sevirdim, onlara xüsusi  həvəsim var idi. Zəif  olduğum fənn isə Kimya olub. Amma onu da  yaxşı oxumağa  çalışırdım.  Ümumiyyətlə, məktəb illərində  “2”aldığım fənn olmayıb, çünki daim  dərslərə hazırlıqlı olmağa çalışmışam.

Amma  elə hallar olub ki, müəllimlər  mənə  haqsız yerə aşağı qiymət  yazıblar. O illərdə dərsə yaxşı hazırlaşsam da, bəzi hallar olub ki, buna    rəğmən müəllim “4”  yazıb. Müəllim aşağı qiymət yazdığı zaman  ona etiraz etdiyim  vaxtlarım  da olub. Amma daha sonra dərk etdim ki, qiymətə görə etiraz etməyin  heç bir mənası yoxdur; önəmli olan fənni, biliyi qavramaqdır.

Ali məktəb illərində də elə   tələbələr var idi ki, çoxu qiymət üstündə mübarizə aparırdı, mübahisə edirdi.   Heç vaxt yadımdan çıxmaz, bir dəfə Fizika müəllimimiz bizimlə zarafat etmək istəyirdi. Mən dərsə hazırlıqlı idim,  bir başqa şagird isə hazırlıqsız...   

Müəllim  hər ikimizdən dərsi soruşdu  hazırlıqlı olduğum üçün mövzunu  yetərincə  cavablandırdım.  Daha sonra  müəllim   dedi ki,  hər ikinizə cəm halda “6”yazıram və siz bunu  iki nəfər arasında bölün.   O zaman dedim ki, əgər bu belədirsə, yoldaşlıq xətrinə iki yerə bölək, hər birimizə “3” yazın. Təbii ki,  çox ədalətsiz bölgü idi, amma yoldaşlıq xətrinə o zaman mən “3”  almışdım”.

Qulu Məhərrəmli orta məktəb illərində  bu gün də  yada saldığı  xatirələrini bizimlə bölüşüb:

“Məktəb illərində sinif   yoldaşlarımızla birlikdə  dərsdən qaçdığımız vaxtlarımız da olub.  Açıq etiraf edim, məktəbdə elə müəllimlər var idi ki, doğrudan da onlarda böyüklük çatışmırdı. Sinif yoldaşlarımızla birlikdə  onların  dərsini   boykot edib, dərsə girmirdik. Daha sonra bizi çağırırdılar ki, həmin dərsə niyə girməmisiniz?!

Bu zaman    hər kəs bir bəhanə gətirirdi, amma  hamı bilirdi ki, bunun əsas səbəbi nədir.  

O illərdə uşaqlıq, şagird həyatının hər çalarını, hər rəngini yaşamışıq. Uşaqlığımla bağlı elə şeylər olmadı ki, onu yaşamayım.  10 il böyük bir dövrdür.

Xüsusən 5-ci sinifdən sonra  şüurlu şəkildə hər şeyi dərk edirsən o illərə aid xatirələr   insanın yaddaşında çox gözəl qalır. Mənim orta məktəb həyatım çox maraqlı, dinamik çox zəngin bir dövr olub.  O illər haqda danışanda orta məktəb həyatı gözümdə canlanır mənə də  əlavə enerji verir”.

O illərlə bağlı haşiyə

“Əziyyətimizi daha çox anam çəkib. Biz iki böyük qardaş Şuşada oxuduq. Amma bizdən kiçik iki qardaşı çətinliklə böyütdü. Gah pambığa gedərdi, gah bağ-bostanı tək canı ilə əkib-becərirdi, gah kolxoz işlərini görərdi. Ot biçini vaxtı dəryazla ot biçə bilmirdi, bəzən bu işə əmilərim kömək edərdi, Amma qurumuş otu özü bağlayardı. Hər dəfə də biz tətildən qayıdanda  mənlə qardaşımı bacardığı qədər yaxşı yola salardı, üst-başımızı təzələrdi...   

Sinif yoldaşlarımızla...

Ailələr olardı ki, onlar şəhərə kənddəki evlərini boş saxlayardılar. Novruzda gənc oğlanlar, qızlar, əsasən də yeni evlənən gənc ailələr əllərinə keçəndən - yağdan, düyüdən, götürüb həmin evə toplaşar, qazan asardılar. Səhərə qədər deyib-gülmək, çal-çağır olardı. Qızlar, gəlinlər zarafatlaşar, bayatı deyib, holavar söylərdilər. Səhərə qədər kimsə evinə getməzdi. Sahibsiz evdə də qazan asılardı, ocaq yanardı. Bizim üçün Novruz elə bu demək idi. Həm də Arazın o tayına yaxın idik axı... Ona görə də oradakı güclü Novruz havası bizə də təsir edərdi. Novruzu belə şən keçirərdik. Musiqi alətimiz olmazdı. Hərə ev əşyasında nəsə dınqıldadardı. Amma bir zurnaçı Süleyman kişi var idi ki, onu yalvar-yaxarla həmin evə gətirərdik. Süleyman kişi zurnanı pülüyən kimi meydan daha da canlanardı.

Bu o zamanlar idi ki, kəndimizdə nə klub var idi, nə də başqa mədəniyyət yeri... Bunlar sonradan oldu. Sonradan kəndimizdə kino da göstərdilər. Yaşlı adamlar, xüsusən də kolxozun aratçıları (suvarları) kino başlar - başlamaz yuxuya gedərdilər. Arvadları dümsükləsə də, xeyri olmazdı. Bilmirəm niyə, amma o kinolardan ən çox bu epizod yadımda qalıb.

Sonra kitabxana açıldı kənddə. Gedib kitab götürər oxuyardıq. Qaytaranda kəndin kitabxanaçısı aldığımız kitab haqqında bizi sual –cavab edərdi.

Qeyd edək ki,Qulu Məhərrəmli  1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub. Jurnalistika və elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar 60-a yaxın xarici ölkədə olunub. Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil edib.

Günel YAŞARQIZI