Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 10:40:00
Kafedra müdiri və başqa elmi vəzifədə olan sabiq məmurlar - I Yazı

Bu yaxınlarda keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyinat alıb.

O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub.

Məlumatı Modern.az-a Milli Aviasiya Akademiyasından da təsdiqləyiblər.

Qeyd edək ki, vəzifədən gedəndən sonra əvvəlki tək yenidən elmi işinə qayıdan və Səlim Müslümov kimi kafedra müdiri çalışan bir çox sabiq məmurlar var.

AzEdu.az həm kafedra müdiri, həm də başqa elmi vəzifələrdə çalışan sabiq məmurları təqdim edir:

Əvəz Ələkbərov - iqtisadiyyat elmləri doktoru, professor Əvəz Ələkbərov uzun illər respublikanın maliyyə naziri vəzifəsində çalışıb. 2006-cı ildə vəzifəsinə xitam verilib. 2008-ci ildə elmlər doktoru dərəcəsini alan Ələkbərov hazırda UNEC-də (İqtisadiyyat Universitetində) "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri və "Professorlar Klubu" rəyasət heyətinin sədri vəzifələrində çalışır. 60-dan artıq əsərin və 5 kitabın müəllifidir;

1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədrlik etmiş Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub da yüksək dövlət postuna elmi fəaliyyətdən sonra gəlib. Filologiya elmləri namizədi olan Vurğun Əyyub uzun müddət Müsavat başqanının birinci müavini postunu tutub. O, yenə də elmi fəaliyyətə qayıdıb və Xəzər Universitetində kafedra müdiridir.

Misir Mərdanov - sabiq təhsil naziri 2013-cü ildə vəzifəsindən kənarlaşdırılıb. Hazırda AMEA-nın Mexanik və Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışır. O, uzun müddətdən sonra 2017-ci ildə AMEA-nın müxbir üzvü seçildi.

Qərib Məmmədov - 2015-ci il fevralın 5-də Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Elə bununla avtomatik həmin komitəyə rəhbərlik edən Qərib Məmmədov vəzifəsi ilə də vidalaşmalı olub. 

AMEA-nın həqiqi üzvü olan Qərib Məmmədov bir neçə istiqamətdə elmi fəaliyyətini davam etdirir. O, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Həm də BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir.

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olan professor 1996-cı ildə böyük vəzifəyə - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə sədr təyin edildi. 2005”“2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdı. Bir müddət Milli Məclisin deputatı kimi də fəaliyyət göstərdi. 

Hazırda isə yenə də elmlə məşğuldur. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi,  olan Nizami Xudiyev 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. O, hazırda doğma universitetdə fəaliyyətini davam etdirir.

Saleh Məmmədov - 1992-93-cü illərdə Azərbaycanın maliyyə naziri olan Saleh Məmmədov artıq uzun müddətdir ki, gənc yaşlarından uğur qazandığı elm sahəsi ilə məşğuldur. O,  maliyyə üzrə Azərbaycanın birinci elmlər doktoru, keçmiş SSRİ-də ən gənc maliyyə doktoru olub. Maliyyə və bank sahəsində müxtəlif dillərdə və ölkələrdə dərc olunan 500-dən çox monoqrafiya, dərslik, dərs vəsaitləri, jurnal və qəzet məqalələrinin müəllifidir, onun maliyyə, bank işi, sənayenin maliyyəsi kimi bir sıra predmetlər üzrə dərslikləri və dərs vəsaitləri nəinki Azərbaycan, eyni zamanda, digər ölkələrin universitetləri tərəfindən istifadə olunur. Hazırda Dövlət İqtisadiyyat Universitetinin maliyyə kafedrasının professorudur.

Məmməd İsmayıl -  Tanınmış şair bir çox vəzifələrdə, həmçinin,  1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri şirkətinin sədri postunda çalışıb. Hazırda Türkiyənin Çanaqqala Universitetində elmi fəaliyyətini davam etdirir. Professordur.

Kamil Vəli Nərimanoğlu - 1993-cü ildə baş  nazirin müavini vəzifəsində çalışan Kamil Vəliyev sayı 100-ə çatan elmi monoqrafiya və kitabların müəllifidir. Hazırda elmi fəaliyyətini Türkiyənin Aydın Universitetində davam etdirir.

Bir müddət prezidentin müşaviri vəzifəsində çalışmış professor Qabil Hüseynli bu gün də müstəqil palitoloji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də davam etdirir. Uzun müddət Azərbaycan Texniki Universitetinin sosiologiya və fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışan Hüseynli hazırda həmin kafedranın professorudur. O, sufizm tarixi istiqamətində elmi araşdırmalar da aparır.